Məcid Məmmədov söhbətində bildirib ki, musiqiyə olan marağı ailəsindən qaynaqlanır: “Mənim musiqiyə həvəsim ailəmizdən – babamdan, anamdan keçib. Babam Şuşadakı tar fabrikində işləyib, anam isə fortepiano müəllimidir”.
Məcid musiqi sahəsində ilk addımlarını doğma yurdundan uzaqda atıb. Köçkünlük illərində Ağcabədidə Üzeyir Hacıbəyli adına incəsənət məktəbində tar ixtisası üzrə təhsil alıb. Bu gün o, yalnız tarla kifayətlənmir: fortepiano, skripka və sazda da ifa edə bilir. Gənc istedadın ən böyük arzusu peşəkar musiqiçi olmaqdır: “Tarla yanaşı, fortepiano, skripka və sazda da ifa edirəm və həmin alətlər evimizdə var. Məqsədim təhsilimi Qarabağ Universitetinin İncəsənət fakültəsində davam etdirməkdir. Hazırda bu istiqamətdə hazırlaşıram. İstəyim gələcəkdə peşəkar musiqiçi olmaqdır”.
Şuşalı yeniyetmə musiqi ilə yanaşı, texnologiyaya da maraq göstərir. STEAM mərkəzində robototexnika ilə məşğul olur və komanda yoldaşları ilə Bakıda keçirilən “First Lego League Azərbaycan” yarışında iştirak edib. Lakin onun əsas marağı və hədəfi musiqidir.
Azərbaycanın musiqi beşiyi Şuşada milli sənət ənənələrimiz gənc nəslin qəlbində və barmaqlarında yenidən həyat tapır. Məcid Məmmədovun timsalında Şuşa gəncliyi müasir texnologiyanın yeniliklərini mənimsəməklə yanaşı, əsrlərin süzgəcindən keçib gələn musiqi irsimizə də böyük ehtiramla sahib çıxır. Bu gün Şuşada ucalan tarın səsi bir daha təsdiq edir ki, bu torpaqların əsl sahibləri öz mənəvi dəyərlərini yaşadır və gələcəklərini məhz doğma yurdlarında böyük inamla qururlar. (AZƏRTAC)