Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib. Onun sözlərinə görə, belə nüfuzlu tədbirin Bakı şəhərində keçirilməsi yalnız beynəlxalq imicin güclənməsi ilə məhdudlaşmır, eyni zamanda ,ölkənin şəhərsalma siyasətində keyfiyyətcə yeni mərhələnin başlanğıcını şərtləndirir. Deputat vurğulayıb ki, forum çərçivəsində müzakirə olunacaq məsələlər Azərbaycanın urbanizasiya strategiyasının daha da təkmilləşdirilməsinə, müasir yanaşmaların tətbiqinin sürətlənməsinə və şəhərlərin dayanıqlı inkişaf modelinə keçidin dərinləşməsinə xidmət edəcək.
Aydın Hüseynov qeyd edib ki, son illər Azərbaycanda həyata keçirilən kompleks infrastruktur layihələri – müasir nəqliyyat sistemlərinin qurulması, yol-nəqliyyat şəbəkəsinin genişləndirilməsi, ictimai məkanların yenilənməsi və sosial obyektlərin tikintisi şəhər mühitinin keyfiyyətini əhəmiyyətli dərəcədə artırıb. Bu prosesdə rəqəmsallaşma və innovasiyaların tətbiqi xüsusi yer tutur. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları artıq yalnız nəzəri model deyil, real layihələr şəklində tətbiq edilir və WUF13 bu təcrübənin beynəlxalq səviyyədə paylaşılması üçün mühüm imkan yaradacaq.
Deputatın sözlərinə görə, forumun əsas təsirlərindən biri də Azərbaycanda inklüziv şəhər mühitinin formalaşdırılması istiqamətində olacaq: "Əlilliyi olan şəxslər, yaşlılar və digər azmobilliyi olan əhali qrupları üçün əlçatan infrastrukturun yaradılması, ictimai xidmətlərin daha əlverişli və bərabər əsaslarla təqdim olunması məsələləri müasir şəhərsalma siyasətinin əsas prioritetlərindən biridir. Bu baxımdan beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi xüsusi əhəmiyyət kəsb edir".
A.Hüseynov vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri Azərbaycanın şəhərsalma sahəsində ən mühüm strateji istiqamətlərindən biridir. "İşğaldan azad edilmiş ərazilərdə “sıfırdan quruculuq” modeli tətbiq olunur ki, bu da ən müasir urbanizasiya standartlarının birbaşa reallaşdırılmasına imkan verir. Bu çərçivədə ekoloji tarazlıq, yaşıl enerji istifadəsi, dayanıqlı nəqliyyat və rəqəmsal idarəetmə sistemləri əsas prioritetlər kimi çıxış edir.
Şuşa şəhərində aparılan bərpa işləri tarixi-mədəni irsin qorunması ilə müasir şəhərsalma yanaşmalarının uzlaşdırılması baxımından mühüm nümunədir. Ağdam və Füzuli şəhərlərində isə yeni baş planlara uyğun olaraq geniş prospektlər, müasir yaşayış kompleksləri, sosial infrastruktur və yaşıl zonalar yaradılır. Bu layihələr gələcəkdə regionun iqtisadi və sosial inkişafına ciddi təkan verəcək", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, WUF13 çərçivəsində Qarabağda həyata keçirilən layihələrin beynəlxalq ictimaiyyətə təqdim olunması həm investisiya cəlbediciliyini artıracaq, həm də qabaqcıl texnologiyaların və innovativ həllərin regiona inteqrasiyasını sürətləndirəcək. Eyni zamanda, xarici mütəxəssislərin iştirakı ilə keçiriləcək müzakirələr bu ərazilərdə şəhərsalma prosesinin daha səmərəli planlaşdırılmasına töhfə verəcək.
Deputat əlavə edib ki, forum yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılması baxımından da mühüm platformadır. Azərbaycanlı şəhərsalma mütəxəssisləri, memarlar və mühəndislər beynəlxalq təcrübə ilə yaxından tanış olmaq imkanı əldə edəcək, bu isə gələcək layihələrin daha peşəkar və innovativ əsaslarla həyata keçirilməsinə şərait yaradacaq.
Aydın Hüseynovun qənaətinə görə, WUF13 Azərbaycanın yalnız paytaxtında deyil, bütün regionlarında şəhərsalma siyasətinin inkişafına müsbət təsir göstərəcək. Xüsusilə regionların balanslı inkişafı, şəhərsalmanın düzgün idarə olunması və kənd-şəhər əlaqələrinin gücləndirilməsi istiqamətində yeni yanaşmaların tətbiqi gözlənilir: "Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi Azərbaycanın şəhərsalma siyasətində strateji dönüş nöqtəsi kimi dəyərləndirilə bilər. Bu tədbir ölkəmizin dayanıqlı inkişaf modelinin beynəlxalq səviyyədə tanıdılmasına, Qarabağda həyata keçirilən yenidənqurma işlərinin qlobal nümunəyə çevrilməsinə və ümumilikdə Azərbaycanın urbanizasiya siyasətinin daha da güclənməsinə xidmət edəcək". (AZƏRTAC)