22.11.2024, 01:16
AZ EN
15.11.2023, 16:19 339

Vüqar Bayramov: "Avropa Parlamentinin bir sıra qərəzli üzvləri heç olmasa bu qış istilikdən istifadə edəndə şükür etsinlər"

YAZILAR
  • 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan Ordusu düşmənin 30 illik işğalına 44 gündəcə son qoyaraq Zəfər çaldı.

Dünyaya demokratiya dərsi keçən (əslində özlərinin demokratiyaya daha çox ehtiyacı olan) bəzi xarici dövlətlərin, təşkilatların gerçək sifətləri açığa çıxdı.  Bir daha məlum oldu ki, bu güc dövlətləri hər zaman haqqın, ədalətin yox, işğalçının yanında olublar. Bunu biz 30 il müddətində daha dərindən hiss etdik.

Azərbaycanın haqlı Qələbəsini həzm edə bilməyən bu dövlət və təşkilatlar ölkəmiz haqqında qarayaxma kampaniyası davam etdirərək bəyanatla çıxış edirlər.

Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramovun açıqlaması da bununla bağlıdır.

Millət vəkili qeyd edib ki, Avropa Parlamentində keçirilən müzakirələrdə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyalardan biri də guya Azərbaycanın Rusiya qazını Avropaya nəql etməsidir: "Dünən keçirilən müzakirələrdə və eləcə də Avropa Parlamentinin bir sıra üzvləri ilə görüşlərdə də bu məsələni müzakirə etdik və təəssüf ki, bu qərəzli iddianı irəli sürənlərin heç birinin hər hansı fakti və real statistikası yoxdur. Çünki bu sadəcə saxta və qərəzli iddiadır və reallığa əsaslanmır. Bəs görəsən, reallıq necədir?

1. Rusiya-Ukrayna müharibəsindən öncə, 2021-ci ildə Azərbaycanda qaz hasilatı 43.9 milyard kub metr olub. Bu, o deməkdir ki, hətta 2021-ci il hasilatı ilə də Azərbaycan Avropaya 12.0 milyard kub metr qaz ixrac etmək imkanına malik ola bilirdi;

2. 2022-ci ildə qaz hasilatı 46,7 milyard kubmetr olub və 2023-cü ildə hasilat 48.7 milyard kub metr olacağı gözlənilir. Bütövlükdə, 2017-ci ildən etibarən Azərbaycanın qaz hasilatı hər əvvəlki ilə nisbətən artıb və bu da imkan verir ki, Azərbaycan öz mənbələri hesabına Avropaya mavi qaz ixracatını artıra bilsin;

3. 2022-ci ildə Azərbaycan cəmi 1 milyard kub metr qaz idxal edib və onun cəmi 10.0 faizi Rusiyanın payına düşüb. İdxal isə birbaşa mübadilə məqsədi daşıyıb. Hasilat həcmini nəzərə alsaq Azərbaycanın əvəzləmə istisna olmaqla idxala heç bir ehtiyacı yoxdur;

4. Şahdəniz 2, Abşeron və yeni digər yataqların istifadəyə verilməsi növbəti mərhələdə Azərbaycana Avropaya qaz idxalını 2 dəfə artırmağa imkan verir. Bu isə o deməkdir, mövcud potensial daxili mənbələr hesabına mavi qaz ixracatını artırmaq üçün yetərlidir;

5. 2023-cü ildə Azərbaycanın qaz ixracatının 24 milyard kub metr olması gözlənilir ki, onun da yarısı Avropa İttifaqından kənarda yerləşən ölkələrə yönələcək. Bu isə o deməkdir ki, mövcud hasilat nəinki Aİ, hətta digər tərəfdaşların qaz istehlakına töhvə verməyə imkan verir.

Nəhayət, 2022 və 2023-cü illərin soyuq qışında Avropanın enerji təhlükəsizliyinə dəstək verən Azərbaycanın töhvəsini qiymətləndirə bilməyən Avropa Parlamentinin bir sıra qərəzli üzvləri heç olmasa bu qış istilikdən istifadə edəndə şükür etsinlər", - deyə V.Bayramov fikrini tamamlayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər