"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq Aleksandr İskəndəryan deyib. Ermənistan mətbuatının yazdığına görə, İskəndəryan Zəngəzur dəhlizinin perspektivlərindən danışarkən bildirib ki, Vaşinqton görüşlərində bununla bağlı əldə edilmiş razılaşmalar hələ başlanğıcdır: "Vaşinqtonda imzalanan sənəd bir bəyannamədir, bu bəyannamə ilə Ermənistan və Azərbaycan kommunikasiya xətlərinin zəruri olduğunu qəbul edirlər. Sadəcə olaraq, xüsusilə "TRIPP yolu"nun həyata keçirilməsi ilə bağlı siyasi-texniki çətinliklər var, Ermənistan və ABŞ bu layihə barədə danışıqlar aparır. Çünki burada həm siyasi, həm də texniki maneələr var ki, onların hamısı həll edilməli və yalnız bundan sonra tikinti işlərinə başlanılmalıdır".
Zəngəzur dəhlizi ilə bağlı hazırkı vəziyyətin kifayət qədər mürəkkəb olduğunu deyən Aleksandr İskəndəran əlavə edib ki, layihə siyasi və texniki cəhətdən qiymətləndirilərkən regional məsələlər mütləq nəzərə alınmalıdır: "Araz çayının o biri tərəfində iranlı sərhədçilər, Ermənistan tərəfində rus və erməni sərhədçilər var, çox yaxınlıqda Avropa müşahidəçiləri yerləşir, sağ və solda azərbaycanlılar, bir qədər aralıda isə türklər. Bundan başqa, hazırda İrandan Ermənistana yol çəkilir, Qafan şəhərində İran konsulluğu, Gorusda Fransa konsulluğu var, Rusiya da Qafanda konsulluq açmaq istəyir. İndi isə "TRIPP yolu" ilə əlaqədar amerikalıları da bunlara əlavə edirik. Bütün bunların necə uzlaşdırılacağını, ortaya çıxan çətinlikləri hansı imkanlarla həll edilə biləcəyimizi düşünməliyik. Çünki belə bir mürəkkəb şəraitdə İran, ABŞ, Rusiya, Türkiyə, Azərbaycan və Ermənistanın maraqlarını uzlaşdırmaq asan deyil. Bununla belə, bu mümkünsüz deyil, sadəcə, çox ciddi iş tələb edir, hələ böyük yol qət edilməlidir".
Erməni politoloq bildirib ki, tərəflər bu layihənin reallaşmasına razılıq verməsinə baxmayaraq, prosesin həyata keçirilməsi uzun vaxt tələb edir. İskəndəryan dünyada buna bənzər mürəkkəb layihələrin çoxlu nümunələri olduğuna da diqqət çəkib: “Mən Azərbaycanın təşəbbüskarı olduğu nəqliyyat dəhlizindən danışarkən həmişə Belarusla Rusiyanın Kalininqrad vilayətini birləşdirən yolu nümunə gətirirəm. Həmin yol NATO-nun və Avropa İttifaqının üzvü olan Litvanın ərazisindən keçir. Amma Litva razılaşıb ki, Rusiya vətəndaşları Kalininqrada vizasız, hətta pasportsuz gedə bilirlər. Yəni, belə nümunələr var, sadəcə, ABŞ, Ermənistan və Azərbaycan arasında müzakirə olunan "TRIPP yolu" layihəsi çox həssas və diqqət tələb edən məsələdir. Çünki bu layihə regionun həm siyasi arxitekturasında, həm də tranzit kommunikasiyaları sistemində çox ciddi dəyişikliklərə yol açacaq".
Xatırladaq ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında açılması planlaşdırılan Zəngəzur dəhlizi üçün Kalininqrad modelinin tətbiq olunacağı gözləntilər arasındadır.
Elxan SALAHOV