"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin müşaviri Qyane Karagezyan yerli mətbuata aşıqlamasında bildirib. O, qeyd edib ki, Azərbaycana qaytarılacaq ərazilərdə azşaylı uşağı olan ailələrə sərhəd kəndlərində mənzil əldə etmək imkanları yaradılıb. Onun sözlərinə görə, həmin ailələrin şənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı xüsusi dövlət proqramı da qəbul olunub: "Hazırda köçürüləcək ərazilərlə bağlı dövlət proqramı çərçivəsində həmin ailələrin yeni evlərə köçürülməsi davam edir. Proqramda iştirak etmək üçün kənddə tikinti icazəsi, layihə planı və smeta ilə birlikdə torpaq sahəsinə sahib olmaq lazımdır".
Qyane Karagezyan onu da vurğulayıb ki, ərazilərin delimitasiyası və demarkasiya prosesi ilə paralel olaraq sərhəd kəndlərində gələcək perspektivlər nəzərə alınmaqla əhali sayının artırılması istiqamətində müvafiq işlər görülür. Onun sözlərinə görə, xüsusilə kiçik kəndlərdə sosial-iqtisadi inkişaf imkanlarının genişləndirilməsinə daha çox diqqət yetirilir: "Əsasən məktəblərdə boş yer sayının 50 faizdən çox olduğu kəndlərə üstünlük verilir. Bu yerlərin ən azı 20 faizi doldurulmalıdır. Əsas tələblərə əlavə olaraq, bir şərt də var: proqramda iştirak etmək istəyənlərin ən azı 10 yaşdan kiçik bir uşağı olmalıdır. Bununla yanaşı, İrəvanda daşınmaz əmlakı olmamalıdır. Bu, hökumət tərəfindən tikilən əmlakın bağ evinə çevrilməsi riskinə qarşıdır. Proqramda iştirak etmək istəyənlərə sərhəd kəndlərində yaşamaları üçün bütün dəstək veriləcək. Lakin bura Tavuş bölgəsinin 4 sərhəd kəndi - Bağanis, Berkaber, Voskaper və Kirants daxil deyil".
Ermənistan rəsmisi bildirib ki, həmin kəndlərin istisna edilməsi Azərbaycanla sərhədin delimitasiyası prosesindən qaynaqlanır. Onun sözlərinə görə, sərhədin müəyyənləşməsi prosesində Qazaxın anklav olan kəndlərinin qaytarılacağı gözlənilir.
Xatırladaq ki, delimitasiya və demarkasiya prosesi çərçivəsində Ermənistanın Azərbaycana qaytarmalı olduğu anklav kəndlər var. Bunlar Qazax rayonunun 1992-ci ildə işğal olunmuş Yuxarı Əskipara, Sofulu və Barxudarlı, habelə Naxçıvan Muxtar Respublikasının Kərki kəndləridir.
Elxan SALAHOV