Zümrüd xanım dedi ki, indi burada da yağış yağır. Amma Xocalıya yağan yağış bir başqadı. Adamın ruhunu, qəlbini oxşayır. Əkdiyim kartof artıq məhsul verməyə başlayıb: “Bu gün də, bir az bibər əkdim. Əvvəlcədən gül qabında bibərin toxumunu səpmişdim. Dörd balaca cərgədə onları əkdim. Üstündən də yağış yağdı, gözəl oldu. Bir azdan pomidor, lobya da əkəcəm… Keçən il də hər şey əkmişdim; günəbaxan, kələm, qarğıdalı, lobya, pomidor. Tərəvəzlər elə dadlı, elə şirin, həm də o qədər bol oldu ki, qonşulara, qohumlara, evimə gələnlərə payladım…”
Zümrüd xanım danışdıqca adamın ürəyi açılır, özünü bir anlığa o doğma yerlərdə hiss edirsən. Deyir ki, burada adamın sanki ruhu dincəlir. Əkib-becərmək həvəsi gəlir: “Təsəvvür edin ki, müalicəyə getməliyəm, amma qədəmlərim getmir, yurdumdan bir an da ayrılmaq istəmirəm. Bura Vətəndi, ondan o qədər ayrı qaldıq, o qədər həsrət çəkmişik ki, indi də gəlmişik, doymuruq. Mayın sonunda Xocalıya köçməyimizin artıq iki ili tanmam olur: “Hərdən gözlərimi yumub düşünürəm ki, görəsən biz həqiqətənmi Xocalıdayıq?! Bu sanki bir yuxudu, sonra da öz-özümə deyirəm ki, bu yuxu deyil, həqiqətdi, gəlmisən, ayıl, ay Zümrüd, sən Xocalıdasan! Heç vaxt ad günümü qeyd etməmişdim. Ancaq Xocalıda 70 illiyimi sevinclə qeyd etdik... Şükürlər olsun, səhər yuxudan dururam, qapını açıram, o gözəl havanı udanda insan yaşamaq istəyir. Deyirsən ki, Ya Rəbbim, özün bilən məsləhətdi, amma ömür ver, bu gözəl torpaqda yaşayım, əkim-becərim. Bu mənim öz evimdi. On il içində yaşamışam, onu yoldaşımla birgə tikmişik. Atam da bizə kömək edib. Dörd övlad anası olmuşam”.
Zümrüd xanım Xocalıya qayıtmaqla, özünün də dediyi kimi, sanki yenidən dünyaya gəlib. Onun arzuları çoxdur. Ən böyük arzusu isə sonbeşiyi olan oğluna Xocalıda unudulmaz bir toy məclisi təşkil etmək, doğma yurdda balasını xoşbəxt görməkdi: “Arzum budur ki, o toyun sədası uzun illər yaddaşlarda qalsın. İndi bu arzuyla yaşayıram”.
Zümrüd xanım hərdən də xəyallara dalır. Deyir, pəncərədən baxıram o Qırxqız dağına, onun qarına baxırsan indi ləzzət eləyir: “Amma deyirəm, o Kətik meşəsi, dağlar olmasaydı görəsən onda Xocalı camaatı neyləyərdi? Onda bizim bircə yolumuz vardı, o da Əsgərandı. Onu da erməni bağlamışdı... Birdən o dağa baxıram, düzdü, orada atam kimi neçə adamlarımız şəhid oldu. Amma o dağ, o meşə sanki bizim xilaskarımız oldu. Onlar olmasaydı bəlkə bir nəfərimiz də Xocalıdan sağ çıxmayacaqdı...”
...Bu gün Zümrüd xanımın həyətində zoğal, armud, heyva ağacları çiçəkləyib. Onun çoxlu toyuğu, qazı və ördəkləri var. Deyir, hər səhər yuxudan oyananda elə bilirəm ki, beş yaş cavanlaşıram: “Bu gözəl duyğuları, belə böyük xoşbəxtliyi bizə yaşadan şəhidlərimizə və qazilərimizə borcluyuq. Dövlətimiz, Müzəffər Ali Baş Komandanımız sağ olsun!
Mina RƏŞİD