07.04.2026, 17:03
AZ EN
07.04.2026, 14:40 17

Azərbaycan-Gürcüstan iqtisadi əlaqələri: idxal və ixracın yeni istiqamətləri

YAZILAR
  • Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq son illər daha da güclənərək iqtisadi əməkdaşlığın genişlənməsinə ciddi təkan verir. Xüsusilə dövlət səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər və müzakirələr iki ölkə arasında ticarət dövriyyəsinin artmasına və yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır.

İlham Əliyevin Gürcüstana dövlət səfəri zamanı da iqtisadi əlaqələrin dərinləşdirilməsi əsas müzakirə mövzularından biri olub. Bu əlaqələrin inkişafı iki ölkə arasında qarşılıqlı ticarətin strukturunda da özünü açıq şəkildə göstərir.

Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanın Gürcüstana ixracı 712.7 milyon dollar təşkil edib. Bunun 347.9 milyon dolları qeyri-neft-qaz məhsullarının payına düşür. Bu isə o deməkdir ki, ötən il Azərbaycan Gürcüstana 364.8 milyon dollarlıq enerji məhsulları ixrac edib. Eyni zamanda, Azərbaycan il ərzində Gürcüstandan 168.7 milyon dollarlıq məhsul idxal edib.

Deputat qeyd edib ki, 2025-ci ildə Azərbaycan Gürcüstan ilə ümumilikdə 1002 məhsul kodu üzrə idxal və ixrac əməliyyatları həyata keçirib. Gürcüstandan idxal edilən əsas məhsullar sırasında sular və alkoqolsuz içkilər (30 milyon dollar), diri iribuynuzlu heyvanlar (29.1 milyon dollar), diri qoyunlar (18.1 milyon dollar), natrium sianidlər (10.3 milyon dollar), kartof (7.8 milyon dollar), ferrosilikomanqan ərintiləri (7.1 milyon dollar), toyuq əti məhsulları (6.7 milyon dollar), keramik plitələr (5.4 milyon dollar), alkoqolsuz içkilər (3.5 milyon dollar), elektrik enerjisi (3.2 milyon dollar), şüşə qablar (2.9 milyon dollar), plastik qapaqlar (2.5 milyon dollar), quş yumurtaları (2.7 milyon dollar), müxtəlif rəsmi markalar və banknotlar (2.3 milyon dollar), çörək-bulka və un məmulatları (2.2 milyon dollar) və digər məhsullar yer alır.

Göründüyü kimi, Gürcüstandan idxal edilən məhsullar arasında əsasən qida və içki məhsulları üstünlük təşkil edir. Bu isə onu göstərir ki, iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi həmin məhsulların Azərbaycanda yerli istehsalının təşkili üçün əlavə imkanlar yarada bilər.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər