"Hraparak"ın bu gün səhər yaydığı "arsaxda kimlər qalıb?" başlıqlı məqalədə qeyd olunur ki, dünən Laçın nəzarət-buraxılış məntəqəsində siyasi və biznes möhtəkiri Ruben Vartanyan rusların razılığı ilə Azərbaycan hərbçiləri tərəfindən saxlanılaraq dərhal Bakıya aparılıb. Xüsusi vurğulanır ki, həm Azərbaycan, həm də Rusiya Qarabağda az saylı erməninin qalmasında maraqlıdırlar. Bu Rusiyanın bölgədə varlığı, Azərbaycan üçün isə separatçılıq probleminin birdəfəlik həlli baxımından sərfəlidir. O da bildirilir ki, hər iki ölkə Qarabağda çox az sayda erməni qalması barədə razılığa gəliblər və bu sahədə işlər davam edir.
Vaxtilə separatçıların rəsmi başçılarından Samvel Babayanın və onun partiyasına mənsub iki "deputatdan" başqa bütün partiyadaşlarının Laçın nəzarət-buraxılış məntəqəsindən guya yoxlanılmadan Ermənistana keçməsi də hayların müxtəlif fikirlər səsləndirməsinə səbəb olub. Bildirilir ki, Samvel Babayan son 4 ayda Azərbaycanla ikitərəfli danışıqların tərəfdarı olub, özünün də həmin danışıqlarda iştirak etmək istədiyini bildirib və bununla da Azərbaycanın diqqətini cəlb edib və yoxlanılmadan buraxılıb.
Məqalədə daha sonra qeyd olunub ki, separatçıların başçıları Bako Sahakyan, Arkadi Quqasyan, Araik Harutyunyan və Samvel Şahramanyan isə hələ də Xankəndidədir və Ermənistana keçmək üçün münasib variant axtarışındadır. "Onlar da Laçın postunda saxlanaraq həbs ediləcəklərindən ehtiyatlanırlar", - deyə "Hraparak" onların da nə vaxtsa ələ keçəcəklərini bildirib.
Nəsib Qaramanlı