18.07.2025, 21:26
AZ EN
18.07.2025, 17:12 46

Hulusi Kılıç: Prezident İlham Əliyevin siyasəti Azərbaycanı tanınmış və nüfuzlu tərəfdaşa çevirib

YAZILAR
  • Prezident İlham Əliyevin siyasəti Azərbaycanı qlobal arenada tanınan və nüfuz sahibi olan etibarlı regional tərəfdaşa çevirib.

Bu fikri Türkiyənin ölkəmizdəki sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin nümayəndəsi Hulusi Kılıç Azərbaycanın Suriyanın bərpası istiqamətində atdığı addımları şərh edərkən ifadə edib.

O vurğulayıb: “2000-2005-ci illərdə Türkiyənin Hələbdə baş konsulu vəzifələrini icra edən diplomat olaraq deyə bilərəm ki, Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl-Şaraanın Azərbaycana səfərinin əhəmiyyətini daha yaxşı başa düşürəm. Bu, Prezident İlham Əliyevin tarazlaşdırılmış və düşünülmüş siyasətinin parlaq təzahürüdür.

Sabiq səfir hazırda Suriyanın yeni hökumətinin qarşılaşdığı ciddi problemlərə də toxunub. O qeyd edib: “On iki il davam edən münaqişə Suriyanı kütləvi dağıntı və yoxsulluğun olduğu geridə qalmış ölkəyə çevirib. Sirr deyil ki, bir çox dövlət Dəməşqdəki yeni administrasiyanın imkanlarına ehtiyatla yanaşır. Bu səbəbdən Türkiyənin yaxın dostu və müttəfiqi Azərbaycanın lideri İlham Əliyevin Suriyanın ünvanına göndərdiyi dəvət regional və qlobal aktorlar üçün güclü siqnal oldu”.

“Əsl dost çətinlikdə tanınar” atalar sözünün Suriyanın keçid dövrü Prezidentinin Azərbaycana tarixi səfəri zamanı özünü bariz şəkildə göstərdiyini qeyd edən H.Kılıç xatırladıb ki, Əhməd Əl-Şaraanın Azərbaycana səfəri ərəfəsində Prezident İlham Əliyevin tapşırığına əsasən, Baş nazirin müavini Samir Şərifovun başçılıq etdiyi nümayəndə heyəti Dəməşqə yola düşüb. “Azərbaycan Baş nazirinin müavininin səfəri Suriyanın bərpası üzrə səylərin prioritet istiqamətlərini, o cümlədən iqtisadiyyat, enerji və təhsil sahələrində əməkdaşlıq yollarını müəyyən etməyə imkan verib. Bütün bunlar Azərbaycan Prezidentinin Suriyanın yeni administrasiyası ilə təmaslara verdiyi əhəmiyyəti göstərdi”, - deyə sabiq səfir bildirib.

O, diqqəti Suriya liderinin Bakıya səfəri zamanı əldə olunan konkret nəticələrə də çəkib: “Türkiyə vasitəsilə Suriyaya qaz tədarükü ilə bağlı saziş imzalanıb. Bundan başqa, Azərbaycan Suriyada yataqların kəşfiyyatına texniki dəstək verəcək, bu ölkənin enerji infrastrukturunun inkişafı üçün birgə addımlar atılacaq”.

H.Kılıç vurğulayıb ki, Türkiyə və Azərbaycan Suriyanın bərpasına birgə dəstək verməyə hazır olduqlarını nümayiş etdiriblər. Bu, Ankarada xüsusi rəğbətlə qarşılanır.

Türkiyənin sabiq səfiri müasir Azərbaycanı “əməkdaşlığa hazır olmaq və regionda sabitliyə töhfə vermək nümunəsi” adlandırıb.

Hulusi Kılıç qeyd edib ki, Suriyanın keçid dövrü Prezidentinin Bakıya səfəri Azərbaycanın yeni tərəfdaşlıqlara açıq olmasının təzahürüdür. “Azərbaycan-Suriya danışıqları təkcə Bakının Yaxın Şərq regionunda artan diplomatik çəkisini deyil, eyni zamanda, həm Cənubi Qafqaz regionunda, həm də Yaxın Şərqdə yeni strateji tərəfdaşlıq modelləri üçün zəmin yarandığını nümayiş etdirdi”.

Sabiq səfir Azərbaycanın Qoşulmama Hərəkatına dördillik sədrliyi dövründə rəsmi Bakının siyasi çəkisini və imicini gücləndirən nailiyyətləri də xatırladıb.

“Yeni Kaledoniya ətrafında baş verənlər Azərbaycanın siyasətinin səmərəliliyinin daha bir bariz nümunəsi oldu. Azərbaycanın siyasi dəstəyi sayəsində Yeni Kaledoniya xalqı öz hüquqlarının müdafiəsində ciddi nəticələr əldə edib”, -deyə H.Kılıç sözlərinə yekun vurub. (AZƏRTAC)

Oxşar xəbərlər