22.01.2026, 18:57
AZ EN
22.01.2026, 17:26 106

Davos Forumu: Azərbaycan qlobal iyerarxiyada mövqeyini möhkəmləndirir

YAZILAR
  • Ötən dövrün təcrübəsini təhlil edərək əminliklə deyə bilərik ki, Davos Dünya İqtisadi Forumu tarixin heç bir dövründə 56-cı toplantı qədər mürəkkəb geosiyasi şəraitdə, qlobal ziddiyyətlərin dərinləşdiyi və ayırıcı xətlərin daha qabarıq formada özünü büruzə verdiyi situasiyada reallaşmayıb.

Bunu açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Onun sözlərinə görə, bu reallığın təməlində bir neçə konseptual məqam dayanır.

“İlk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin Davosda "Euronews" telekanalına müsahibəsində də ifadə etdiyi kimi, biz elə vəziyyətlə qarşılaşırıq ki, beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür. Hüququn gücü yox, gücün hüququnun hökm sürdüyü şəraitdə ənənəvi qlobal mexanizmlər artıq beynəlxalq nizamı səmərəli formada təmin etmək iqtidarında deyil. Nəticə etibarilə, köhnə qaydalarla yeni nizamı təmin etmək, dövlətlər arasında münasibətləri beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplər, xalqlararası əlaqələri isə ümumbəşəri dəyərlər əsasında təmin etmək mümkün olmur. Bu mənada, Davos Dünya İqtisadi Forumunun 56-cı Toplantısı yeni dövr və yeni nizama keçid mərhələsi sayıla bilər”, - deyə Bəhruz Məhərrəmov vurğulayıb.

Milli Məclisin deputatı qeyd edib ki, Vətən müharibəsi və antiterror tədbirlərindəki böyük zəfərləri ilə yaratdığı reallıqlar, o cümlədən tam təmin olunmuş siyasi və iqtisadi müstəqillik fonunda Azərbaycan lideri foruma öz mövqeyindən əmin olan və status-kvo diktə edən dövlətin başçısı kimi qatılıb: “Bunun da kifayət qədər təməl səbəbləri mövcuddur. İlk növbədə, dünyada münaqişələrin qızışdığı, yeni geosiyasi iddiaların meydana çıxdığı bir dövrdə Azərbaycan öz gücü və öz imkanları hesabına, habelə liderinin qətiyyəti ilə 30 illik işğala və dərin köklərə malik separatizmə birdəfəlik, hərbi-siyasi yolla son qoymaqla Cənubi Qafqaz kimi tarixən qeyri-sabit sayılan və münaqişələr, ziddiyyətlər ocağı olan bir coğrafiyada dayanıqlı, de-fakto sülhə nail olub.

Postpandemiya dövründə ardıcıl qlobal iqtisadi böhranlar, neft hasilatının azalması və Qarabağ–Şərqi Zəngəzurun sıfırdan yenidən qurulması üçün böyük maliyyə vəsaiti tələb edilsə də, Azərbaycan fiskal intizamı və makroiqtisadi sabitliyi qorumağı bacarıb. Ölkənin düzgün inkişaf strategiyası formalaşdırması Davosda süni intellekt, iqlim dəyişikliyi və geosiyasi risklərin müzakirə olunduğu bir vaxtda Azərbaycanın iqtisadi mövqeyini beynəlxalq investorlar üçün daha cəlbedici edib. Bu amillər Prezident İlham Əliyevi Davos Forumunda məsləhətinə ən çox ehtiyac duyulan qlobal liderlərdən birinə çevirib”.

Bəhruz Məhərrəmovun sözlərinə görə, dünyanın bir nömrəli gücü olan ABŞ-nin Prezidenti Donald Tramp yeni dünya nizamı mexanizmi kimi təklif etdiyi "Sülh Şurası"nın təsisçiləri sırasında məhz Azərbaycan liderini görmək istədiyini açıq şəkildə bəyan etdi. “Qeyd olunanlar fonunda əminliklə deyə bilərik ki, Davos Dünya İqtisadi Forumunun 56-cı Toplantısı Azərbaycan qlobal iyerarxiyada özünün rolunu möhkəmləndirməsi baxımından mühüm müstəviyə çevrildi”. (AZƏRTAC)

Oxşar xəbərlər