Bu barədə millət vəkili Vüqar Bayramov açıqlamasında deyib. Deputat bildirib ki, Azərbaycan qazı 2024-cü ilin sonlarında Şimali Makedoniyanın bazarına çatdırılmışdı və bu il enerji əməkdaşlığı daha da dərinləşəcək. İki ölkə arasındakı münasibətlərin son illər daha da inkişaf etməsi müşahidə olunur:
"Şimall Makedoniya Azərbaycan ilə enerji əməkdaşlığını daha da genişləndirmək istəyən Avropa ölkələrindədir. Azərbaycanın isə tərəfdaş ölkələrə daha çox qaz ixrac etmək imkanları var. Azərbaycanın Avropaya qaz ixracatı 2024-cü ildə 8.6 faiz artaraq 12.9 milyard kubmetrə çatıb. Ötən il ölkəmizdə 50,3 milyard kubmetr təbii qaz hasil edilib. 2023-cü il illə müqayisədə hasilat 2 milyard kubmetr artıb".
Millət vəkili daha sonra qeyd edib ki, 2024-cü ildə Azərbaycan tarixində ilk dəfə olaraq mavi qaz hasilatı illik 50 milyard kub metrdən çox olub. Bu isə ölkəmiz üçün daha çox ixrac imkanları deməkdir. Hazırda Azərbaycan regionun 12 ölkəsinə mavi qaz nəql edr.
Mavi qaz ixracatı dövlət gəlirlərini artırmaqla yanaşı, ölkəmizin geosiyasi mövqeyini daha da möhkəmləndirərək regionun enerji təhlükəsizliyinin güclənməsində Azərbaycanın rolunu gücləndirir. Bu, Şimali Makedoniya daxil olmaqla, tərəfdaş ölkələr ilə yeni əməkdaşlıq imkanları deməkdir".
Tahirə AĞAMİRZƏ