01.12.2025, 17:09
AZ EN
01.12.2025, 16:30 38

Laçın hazırda özünün yeni dövrünə qədəm qoyub

YAZILAR
  • Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonunun işğaldan azad olunmasından beş il ötür. Laçının qan tökülmədən işğaldan azad edilməsi dövlətimizin gücünün parlaq göstəricisidir. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən çox hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.

Bunu açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

O bildirib ki, Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməniəsilli qaçqınlar olmaqla, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub. Belə əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş verib.

Deputatın sözlərinə görə, 2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən İkinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu: “Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş nazirinin imzaladığı birgə Bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan tərəfindən boşaldıldı. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Laçının işğaldan azad edilməsi Azərbaycanın hərbi və diplomatik qələbəsidir”.

Samir Vəliyev qeyd edib ki, 30 ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın hazırda özünün yeni dövrünə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna dəfələrlə səfər edib. Keçmiş məcburi köçkünlər Böyük Qayıdış Proqramı çərçivəsində dədə-baba yurdlarına artıq qayıdırlar. Şəhərin böyük hissəsi tamamilə yenidən qurulub, ailələrin yaşayışı təmin olunub. Şəhərə ilk köç 2023-cü ilin mayında reallaşıb. Həmin il mayın 28-də Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan sakinlərlə görüşüb, evlərin açarlarını onlara təqdim edib. Bundan sonra laçınlılar mərhələli şəkildə doğma yurda geri dönüblər. Eləcə də Laçının bir neçə kəndinin də sakinləri doğma yurdlarına qayıdıblar. Bundan başqa, Laçında hava limanı da inşa olunub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2025-ci il mayın 28-də açılışı edilmiş mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır.

“Beləliklə, Laçın şəhərinin və rayonunun dağıdılmış infrastrukturunun dirçəldilməsi üçün intensiv olaraq bərpa işləri aparılır, yaşayış məntəqələri yenidən qurulur. Böyük Qayıdış çərçivəsində iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr tikilir, kənddaxili yollar, elektrik, rabitə, su və qaz xətləri çəkilir. Bu gün Laçın şəhərində genişmiqyaslı quruculuq işləri ilə yanaşı, 30 ildən sonra doğma yurdlarına qayıtmış laçınlıların çöhrəsində qürur və sevinc ifadəsinin şahidi olur, yeni həyatın başlandığını göstərən evlərdən, həyətlərdən insanların xoş sədaları eşidilir”, -deyə deputat vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər