Bunu açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın bu istiqamətdə rolunu daha da gücləndirir və möhkəmləndirir. Bu gün atılan addımlar, həyata keçirilən layihələr Azərbaycanın qlobal logistika sistemindəki mövqeyinin getdikcə artdığını açıq şəkildə göstərir. Ölkəmizin bu sahədə fəaliyyəti daha da genişlənir və güclənir.
C.Məmmədov hesab edir ki, Azərbaycanın bu qlobal rolunu davam etdirməsi üçün bir neçə əsas istiqamətdə paralel addımların atılması vacibdir. İlk növbədə, iqtisadi layihələrin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Son dövrlərdə ölkəmizdə infrastrukturun inkişafı istiqamətində mühüm addımlar atılır. Yeni avtomobil yollarının çəkilməsi, dəmir yolu xətlərinin qurulması və logistika imkanlarının genişləndirilməsi Azərbaycanın bu sahədə mövqeyini daha da gücləndirir. Bu, ölkəmizin öz rolunu uğurla davam etdirdiyini göstərir. Eyni zamanda, böyük güclər arasında siyasi tarazlığın qorunması da həlledici amillərdən biridir. Bu gün Azərbaycan bu tarazlığı qorumağı bacarır və bu istiqamətdə bütün zəruri addımları atır. Bu, son dərəcə vacib məsələdir. Çünki belə bir geosiyasi məkanda balansın qorunması ölkənin strateji maraqlarının təmin olunması baxımından əsas şərtlərdən biridir.
“Orta Dəhlizdə Azərbaycanın rolu artıq, sadəcə, tranzit ölkə funksiyası ilə məhdudlaşmır. Azərbaycan bu gün yalnız tranzit deyil, həm də qərarverici oyunçu kimi çıxış edir. Ölkəmiz bu siyasətin formalaşmasında iştirak edir, onun həyata keçirilməsi üçün konkret addımlar atır və prosesləri yönləndirən tərəflərdən biridir. Bu, Azərbaycanın artan geosiyasi və iqtisadi gücünün göstəricisidir. Bu istiqamətdə atılan addımlar Azərbaycanın uzunmüddətli strateji maraqlarına xidmət edir və ölkənin qlobal nəqliyyat sistemindəki rolunun daha da möhkəmlənməsinə yönəlib”, - deyə Milli Məclisin deputatı vurğulayıb. (AZƏRTAC)