21.11.2024, 15:22
AZ EN
19.11.2024, 11:37 166

Ermənilər konstitusiya dəyişikliyinə hazırlaşır

YAZILAR
  • Ermənistanda konstitusiya dəyişiklikləri zaman məsələsidir. Artıq hökumət xalqı inandırmaq istəyir ki, belə bir dəyişiklik qaçılmazdır və bu, Ermənistanın məhvinə gətirib çıxarmayacaq. Əksinə, konstitusiya dəyişiklikləri Ermənistanı 200 ildən artıqdır davam edən burulğandan aydınlığa çıxara bilər.

"Vətən səsi" xəbər verir ki, bunu politoloq Natiq Miri Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlamalarını şərh edərkən bildirib. O, qeyd edib ki, Paşinyanın Azərbaycanla sülh danışıqlarında mümkün razılıq əldə etmək üçün göstərdiyi səylər bəzi dairələrdə qısqanclıq yaradır. Buna görə də Baş nazir vəziyyətin nəzarətdən çıxa biləcəyindən qorxaraq bu məsələdə ehtiyatlı davranmağa çalışır: "Artıq Ermənistan ictimaiyyəti də anlamağa başlayıb ki, bu məsələdə dirəniş göstərməyin mənası yoxdur və konstitusiya dəyişikliklərinə gediləcək. Lakin bu, tamamilə yeni bir konstitusiyanın qəbul edilməsi anlamına gəlməyəcək. Çünki belə bir referendumun keçirilməsi hazırda Paşinyanın maraqlarına uyğun deyil".

Politoloq deyir ki, Paşinyanın diqqəti konstitusiyadan daha çox Müstəqillik Bəyannaməsinə yönəlib. Onun sözlərinə görə, erməni Baş nazirin məqsədi Azərbaycanın tələblərinə uyğun olaraq bəyannamədə bəzi ifadələri dəyişdirməkdir: "Sənəddə beynəlxalq hüquqa uyğun olaraq suverenlik prinsipləri kimi əsas maddələr dəyişməz qalacaq. Sadəcə, Azərbaycan və Türkiyə ilə münasibətlərə zərər verən məqamlar bəyannamədən çıxarıla bilər. Bu dəyişikliklərin parlament səviyyəsində, yəni deputatların üçdə iki səs çoxluğu ilə həyata keçirilməsi mümkündür. Bunun üçün referendumun keçirilməsinə ehtiyac yoxdur". 

Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ildə keçirilməlidir. Amma son günlər erməni mətbuatında yayılan məlumatlarda parlament seçkilərinin ertələnəcəyi və hətta gələn ilin yazında səsvermə təyin olunacağı deyilir.

Elxan SALAHOV

Oxşar xəbərlər