Oktyabrın 31-də Soçidəki üçtərəfli görüşdən birbaşa Tehrana gedən Ermənistanın baş naziri Nikol Paşinyan, erməni müxalifətçi deputat Geğam Manukyanın təbirincə desək, Putinin damcılayan çətirindən sonra Rəisinin onu qucaqlamasından çox razı qaldı.
İranda bir sıra məsələlər barədə aparılan müzakirələr və imzalanan sənədlər erməni mətbuatının 2 noyabrda da geniş müzakirə etdiyi mövzulardandır. Demək olar ki, bütün yazılı və elektron informasiya vasitələrində İran Ermənistanın ən yaxın dostu, qardaşı və arxası adlandırılır. Farslarla ermənilərin müxtəlif dinlərə qulluq etmələrinə baxmayaraq bu iki xalqın mənən eyni olduğu da xüsusi vurğulanır. İranın Ermənistana pualar satmasına razılıq verməsi və bununla bağlı rəsmi sifarişi qəbul etməsi ermənilərin sevincinə səbəb olub. Bəzi politoloqlar və hərbi ekspertlər həyasızcasına bildirirlər ki, İran puaları Rusiya ordusunun əlinə düşəndən (?) sonra Ukraynaya qarşı işlədilib və öz keyfiyyəti ilə Avropa ölkələrinin də marağına səbəb olub. Həmin puaları aldıqdan sonra Ermənistan ordusunun güclənəcəyi və Azərbaycana qarşı istifadə olunmaqla qələbəni təmin edəcəyi kimi sərsəm fikirlər söyləyən ermənilər unudurlar ki, Dəmir yumruq ən müasir silahdır və bu Azərbaycan ordusuna daim zəfər gətirəcəkdir.
Noyabrın 2-də Ermənistan parlamentində 2023-cü ilin dövlət büdcəsi layihəsi müzakirə olunmazdan öncə Paşinyanın çıxışı olub. O, iqtisadi məsələ olan dövlət büdcəsinin müzakirəsindən öncə yenə də siyasi sayıqlamalarını təkrarlayıb. Soçidəki üçtərəfli görüşün səmərəli keçdiyini bildirən N.Paşinyan xüsusi vurğulayıb ki, “Rusiyada həmkarlarım mənə “arsax”ın statusunun qeyri-müəyyən vaxtadək uzadılmasının Ermənistan üçün sərfəli olduğunu bildirdilər”. Parlamentdəki çıxışında dövlət büdcəsinin son 4 ildə 71 faiz artdığını, iqtisadiyyatın özünün “bum” dövrünü keçirdiyini xüsusi vurğulayan Paşinyan müharibə iştirakçılarına və əlillərinə də guya böyük qayğı göstərildiyini dəfələrlə təkrarlayıb. “24 News”də birbaşa yaymlanan həmin çıxışda baş nazirin hansısa bir məsələ barədə bir qədər sonra tamam əks fikirlər söyləməsi bəzi deputatların təbəssümünə səbəb olub. Çıxışının sonunda hər şeyin yaxşı olacağını bildirən erməni baş nazir bir daha sübut etdi ki, rusiyalı politoloq Sergey Markovun dediyi kimi, nə istədiyini heç özü də bilmir.
Nəsib QARAMANLI