"Hraparak"ın müxbiri Lusine Şahverdiyan bu günkü məqaləsində baş nazir Nikol Paşinyanın parlamentdəki "Vətəndaş müqaviləsi" fraksiyasının üzvləri ilə 2,5 saat davam edən qapalı görüşündə nəyin müzakirə olunduğuna aydınlıq gətirməyə çalışıb. O, qeyd edib ki, etibarlı mənbədən qapalı görüş barədə iki xəbər əldə edilib. Birinci, sözügedən görüşdə Münhen təhlükəsizlik toplantısında baş tutmuş görüşlər və bundan irəli gələn məsələlər barədə müzakirə aparılıb, görüləcək işlər konkretləşdirilib. İkinci xəbər kimi isə qeyd olunub ki, fevralın 28-29-da Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin başçılığı ilə tərəflərin nümayəndələrinin görüşündə irəli sürüləcək təkliflər barədə fikir mübadiləsi aparılıb. Sonra isə Paşinyan komandasındakı deputatların suallarını cavablandırıb. Deyib ki, Azərbaycan anklavlar və Zəngəzur dəhlizi üçün təkidli tələblər irəli sürür. Amma guya bu Ermənistanın maraqlarına,ərazi bütövlüyünə təhdiddir.
Ermənistanın Qərbin dəstəyinə ümid bəslədiyini vurğulayan baş nazir əlavə edib ki, Türkiyə və Rusiya Zəngəzurdan dəhliz açılması üçün Azərbaycana hərbi dəstək verməklə həm də öz maraqlarını təmin etmək arzusundadırlar. Buna nail olunması üçün isə hətta “Ermənistanda hakimiyyət dəyişikliyinə cəhdlər edilir”, - deyə baş nazir Qərbin, xüsusilə Fransanın daim Ermənistanın yanında olacağına əminliyini də təkrarlayıb. Əlavə edib ki, məhz Fransanın təşəbbüsü ilə Ukrayna prezidenti V.Zelenskinin Ermənistana işgüzar səfəri gözlənilir.
Məqalədə diqqət çəkən məqamlardan biri də deputat Mariya Karapetyanın baş naziri kifayət qədər ciddi arqumentlərlə tənqid etməsidir. Müxbir etibarlı mənbəyə istinadən yazıb ki, N.Paşinyan həmin arqumentlər qarşısında dinməz dayanıb və haqlı iradlara cavab verməməklə deputatın fikirlərini təsdiq etdiyini isbatlayıb.
Göründüyü kimi, Ermənistan iqtidarı tərəddüd içindədir və Fransaya güvənməklə özünə Rusiya kimi düşmən qazanmaqda davam edir. Ermənilər dərk etmək istəmirlər ki, slavyan qardaşı olan Ukraynaya qara günlər yaşadan Rusiya üçün ermənilərin gününü daha da qara etmək heç də çətin olmayacaq.
Nəsib Qaramanlı