Yanvarın 10-da Qərbi Azərbaycandakı hay toplumunun rəhbəri N.Paşinyan Armenpresin və digər KİV-lərin suallarını cavablandırıb. Ölkəsindəki sosial-iqtisadi, siyasi məsələləri yenə də özünəxas ifadələrlə təhlil edən N.Paşinyan jurnalistin Laçın yolu barədə sualını cavablandırarkən bildirib ki, həmin yol üçtərəfli bəyanata uyğun olaraq Azərbaycan və Rusiyanın nəzarəti altındadır və Ermənistan bunun üçün siyasi məsuliyyət daşımır. O, daha sonra əlavə edib ki, Azərbaycan bu üsulla Qarabağı ermənilərdən tam təmizləmək istəyir, amma beynəlxalq qanunların vasitəsilə həmin yolun açılmasına diplomatik səylər göstərilir. Türkiyə ilə münasibətlərin normallaşmasının hər iki tərəf üçün önəmini diqqətə çatdıran N.Paşinyan onu da bildirib ki, İrəvanda və İstanbulda keçiriləcək futbol yarışlarında Türkiyə prezidenti ilə görüş keçirilməsi də istisna deyil. KTMT-nın “Sarsılmaz qardaşlıq-2023” adlı hərbi təlimlərinin Ermənistanda keçirilməsinin öncədən nəzərdə tutulduğu və bunun nə vaxt baş tutacağı barədə suala cavabında isə o bildirib ki, ölkədəki vəziyyətlə bağlı belə bir tədbirin keçirilməsi barədə KTMT-nın qərərgahına müvafiq məktub göndərilib. Sözügedən təlimin harada keçiriləcəyini hələ dəqiq bilmədiyini açıqlayan N.Paşinyan hazırda ordularında döyüş hazırlığının yüksəldilməsi və müttəfiqlərlə əməkdaşlığın dərinləşdirilməsi barədə də məlumat verib və sonra əlavə edib ki, güclü ordu və sədaqətli müttəfiqlərlə ölkənin təhlükəsizliyini tam təmin etmək mümkündür. Ermənistanın KTMT-dan nə vaxt çıxacağı barədə sualı isə o, ikibaşlı cavablandırıb.
Nəsib QARAMANLI