Sözügedən konfransda 50 media orqanından jurnalistlər qeydə alınıb. "Hraparak"ın indiyədək həmin mətbuat konfransından paylaşdığı 10- dan çox yazıdan aydın görünür ki, R.Koçaryanı, belə demək olarsa, heç qəbir də düzəldə bilməz. O, Minsk qrupunun fəaliyyətindən həmişə razı olduğunu deyərək belə bir sərsəm fikir irəli sürüb ki, Azərbaycanla Hayastan arasındakı sülh danışıqları vasitəçilərlə, xüsusilə Minsk qrupu ilə aparılmalıdır. O, bunun vacibliyini belə bir gülməli fikirlə əsaslandırıb ki, guya dövlətlər vasitəçilərsiz saziş imzalayanda, bunun sonu müharibə ilə nəticələnir. Almaniya və SSRİ arasında 1939-cu ildə vasitəçilər olmadan bağlanmış müqavilənin də məhz həmin səbəbə görə qüvvədən düşərək müharibəyə səbəb olduğunu deyən cinayətkar 44 günlük müharibədə Hayastanın məğlub olmasının səbəbini isə Rusiyaya xəyanət edilməsində görüb.
Onun - "Hayastan Rusiyaya xəyanət edib düşmənin tərəfinə keçdi, ona görə də Rusiya müdaxilə etmədi, Qarabağın boşalmasını sakitcə seyr etdi", - deyə Qərbin əleyhinə də danışması tədbirdə iştirak edən iqtidar jurnalisti Vahaqn Aleksanyan tərəfindən tutarlı ifadələrlə cavablandırılıb. V.Aleksanyan zalda uca səslə belə deyib: "Bu nəinki Hayastanın sabiq prezidentinin, həm də rusların xüsusi xidmət orqanlarının praporşikinin (gizir- N.Q.) sözləridir. Çalışır ki, xidmət etdiyi sahiblərinin yanında özünü doğrultsun".
İqtidarçı deputat Hasmik Hakopyan isə öz paylaşımında Robiki Rusiyanın Hayastandakı səfiri adlandırıb və yazıb ki, “Rusiyanın Hayastandakı səfiri Robert Koçaryan Konqres otelində mətbuat konfransı keçirir, siz də baxın”.
Cinayətkar agentin ünvanına səslənən müxtəlif fikirləri tam şərh etmək, əlbəttə, imkan xaricindədir. Amma vurğulamalıyıq ki, o, bu günkü fikirləri ilə həm qatil, həm cəsus olduğunu, amma siyasətçi olmadığını isbatladı.
Nəsib Qaramanlı