“Osmanlı dönəmində ermənilərə milləti-sadiq adı verilmişdir. Lakin sonradan ikinci cəbhə açaraq Osmanlı dövlətinə qarşı xəyanət etdilər”.
Bu sözləri politoloq İlyas Hüseynov mətbuata açıqlamasında deyib. Politoloq xatırladıb ki, bu, həmin Nikol Paşinyandır ki, sərxoş halda Cıdır düzündə yallı gedərək Azərbaycana meydan oxuyurdu. Qarabağ Ermənistandır. ifadəsinin müəllifi də Paşinyandır: “Çox tez sima dəyişən, cild dəyişən, fikir dəyişən Paşinyanın bu cür sülhə vurğunluğunu və sülhpərvər olduğunu düşünmək, anlamaq və qəbul etmək hələ çox tezdir”.
Əgər baş nazir Nikol Paşinyan özünü sülh göyərçini kimi təqdim etmək istəyirsə, öncəliklə bölgədə yaranan yeni geosiyasi reallıqlara uyğun davranmalıdır. Bu cür jestlərlə nəyəsə nail olmaq mümkün deyil. İlk baxışda baş nazirin təbriki müsbət jest kimi sayılsa da, onun arxasında nələrin gizləndiyi də təxmin ediləndir. Bu, o Paşinyandır ki, 2019-cu ildə Vyanada Prezident İlham Əliyevlə keçirilən görüşdə işğal olunmuş ərazilərin qaytarılmayacağını bildirmişdir. Bu həmin baş nazirdir ki, yeni torpaqlar uğrunda yeni müharibə bəyanatı ilə çıxış etmişdir. 44 günlük Vətən müharibəsində Gəncə və Bərdə kimi şəhərlərin balistik raketlərlə vurulması əmri də məhz Nikol Paşinyandan gəlmişdir. Ermənistanın baş naziri Nikol Paşinyan həqiqətən normal qonşuluq münasibətlərinin inkişaf etdirilməsində maraqlıdırsa, konkret addımlar atmalı, siyasi iradə nümyiş etdirməlidir.
İ.Hüseynov daha sonra əlavə edib ki, bu xüsusda Ermənistan konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa, ədalətə söykənən tələbləri mövcuddur: “Bu tələbləri yerinə yetirmək əvəzinə, riyakarlıq etmək heç də təhlükəsizliyə və sülhə xidmət etmir”.
Odur ki, “Azərbaycan Respublikası və xalqını Qurban bayramı münasibəti ilə təbrik edirəm. Ölkələrimizə və xalqlarımıza sülh, firəvanlıq arzu edirəm” – deyən Ermənistan baş nazirinin bu təbriki o zaman sülhə nümunə olacaq ki, Azərbaycanın gözləntilərinə cavab verəcək. Regionda təhlükəsiz sülhün əldə edilməsi üçün bütün gücünü səfərbər edəcək. Əks halda Paşinyanın bu addımını şərh etməyə belə ehtiyac yoxdur.
Tahirə AĞAMİRZƏ