10.04.2026, 14:48
AZ EN
10.04.2026, 12:35 163

Xankəndi, Ağdərə və Xocalıda bərpa işləri sürətlə aparılır

QARABAĞ
  • Uzun müddət işğal altında qalan və tamamilə dağıdılan Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma prosesi uğurla davam etdirilir. “Böyük Qayıdış” Proqramı çərçivəsində bölgədə yeni yaşayış məntəqələrinin salınması, sosial infrastrukturun qurulması və sakinlərin doğma yurdlarına qayıdışı mərhələli şəkildə həyata keçirilir. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında bərpa-quruculuq, yenidənqurma işləri sürətlə aparılır. İşğal dövründə şəhərsalma prinsiplərinə uyğun olmayan tikililər sökülüb və onların yerində müasir ictimai məkanlar, iaşə obyektləri və funksional şəhər strukturları qurulur. Bu layihələr sırasında Zəfər parkı xüsusi əhəmiyyət daşıyır.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı “Real” TV-yə açıqlamasında bildirib ki, Xankəndidəki Zəfər parkı 2020-ci il Vətən müharibəsindəki tarixi qələbənin, milli birliyin və ərazi bütövlüyünün simvoludur. 44 günlük müharibəni əks etdirən 44 metrlik zəfər tağı ilə bu park şəhidlərin xatirəsini əbədiləşdirir və regionda Azərbaycanın suverenliyini təcəssüm etdirir: “Xankəndindəki əsas binaların əksəriyyəti vaxtilə Azərbaycanın büdcəsi və azərbaycanlı memarların layihələri əsasında inşa olunub. Hazırda mədəniyyət mərkəzinin binası müasir layihələr əsasında bərpa edilərək yenidən şəhər həyatına qaytarılır. Xankəndi Biznes Mərkəzi tam təmir olunaraq müasir ofis və xidmət məkanına çevrilib. Xankəndi şəhər stadionu yenilənərək idman tədbirləri üçün tam yararlı vəziyyətə gətirilib. Şəhərin mədəni yaddaşını yaşadan Dövlət Dram Teatrında da bərpa işləri ardıcıl şəkildə aparılır. Bu gün Xankəndi ilə yanaşı Xocalı və Ağdərədə də bərpa və infrastruktur layihələri icra olunur, kəndlərdə yollar salınır, mühəndis kommunikasiya xətləri yenilənir. Fərdi yaşayış evləri sakinlərin qayıdışı üçün tam şəkildə bərpa edilir”.

Hazırda regionda geniş miqyasda infrastruktur layihələri həyata keçirilir. Əsas diqqət yol nəqliyyatı infrastrukturu, enerji təminatı, su təchizatı, rabitə xətlərinin yenidən qurulmasına yönəldilib.

Afət Telmanqızı qeyd edib ki, içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması, su anbarları və təmizləyici qurğuların yaradılması istiqamətində işlər davam etdirilir: “Bu layihələrin əksəriyyəti icra mərhələsindədir və mərhələli şəkildə tamamlanır. Ağıllı şəhər və ağıllı kənd kosepsiyasının tam şəkildə sıfırdan tətbiqi hər yerdə mümkün olmasa da bu modelin əsas komponentlərinin mərhələli şəkildə inteqrasiyasına xüsusi diqqət yetirilir. Bu çərçivədə müasir kommunal xidmətlərin təşkili, enerji səmərəliliyi, ağıllı işıqlandırma və monitorinq sistemləri kimi elementlərin tətbiqi də nəzərdə tutulur. Məqsəd yaşayış məntəqələrinin bərpası prosesində onları müasir texnoloji həllərlə zənginləşdirərək daha rahat, təhlükəsiz və səmərəli yaşayış mühitinə çevirməkdi. Enerji təminatı sahəsində yeni elektrik yarımstansiyalar inşa olunur, mövcud enerji xətləri yenilənir və regionun dayanıqlı enerji təminatı üçün müasir şəbəkə formalaşdırılır”. 

İşğaldan azad edilmiş ərazilərdə yerləşən tarixi və mədəni abidələrin bərpası da dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Afət Telmanqızı bildirib ki, bu sahədə müvafiq inventarlaşdırma və qiymətləndirmə işləri aparılıb və bərpa proqramı hazırlanıb: “Məscidlər, tarixi tikililər, qəbiristanlıqlar və tarixi irs nümunələrinin bərpası istiqamətində layihələr icra olunur. Məqsəd bu abidələrin qorunması və gələcək nəsillərə çatdırılması ilə yanaşı regionun mədəni və turizm potensialının inkişafına da töhfə verməkdi”.

““Böyük Qayıdış Proqramı” çərçivəsində yenidən qurulan şəhər və kəndlərimiz torpağına qayıdan insanların doğma nəfəsi ilə yenidən isinir. Əhalinin məşğulluğunun təmin olunması üçün yeni-yeni iş yerləri yaradılır, müəssisələr tikilir. Bir sözlə, insanların rahat yaşayışı üçün hər cür şərait qurulur” – deyə Xidmət rəsmisi vurğulayıb.   

Mina RƏŞİD

Oxşar xəbərlər