10.04.2026, 14:55
AZ EN
10.04.2026, 11:50 177

“Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi başlayıb

XƏBƏRLƏR
  • Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə Ağcabədi Olimpiya İdman Kompleksində Qarabağ və Şərqi Zəngəzur regionundan olan gənclər üçün “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi başlayıb.

Düşərgənin ilk günündə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin Ağcabədi şəhərində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla anıblar. Sonra Ağcabədi şəhəri Şəhidlər xiyabanı ziyarət olunub.

Düşərgənin açılış mərasimi Ağcabədi Olimpiya İdman Kompleksində baş tutub. Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan düşərgənin açılış mərasimində “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Ayxan Allahverdiyev, Gənclər və İdman Nazirliyinin ictimai inkişaf sektorunun aparıcı məsləhətçisi Nigar Əzimova, Fondun əməkdaşı Seyfur Hacımuradov, Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Səbuhi Möhsümov və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı Cavid Bünyadov çıxış ediblər. Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və güclü siyasəti, xalqımızın birliyi, eləcə də yenilməz Ordumuzun rəşadəti sayəsində Vətən müharibəsində qazanılan şanlı Zəfərdə gənclərin rolundan danışılıb. Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərin dirçəldilməsində və Böyük Qayıdış prosesində də gənclərdən böyük gözləntilər var. Bu kimi düşərgələrin keçirilməsinin gənclərin milli ruhda formalaşmasına, eləcə də azad olunmuş torpaqların bərpası və Böyük Qayıdış prosesində fəal iştiraklarına mühüm töhfə verdiyi xüsusi vurğulanıb.

Qeyd edək ki, 65 gəncin iştirakı ilə 4 gün ərzində davam edəcək “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi çərçivəsində iştirakçılar üçün Qarabağ və Şərqi Zəngəzurda dirçəlişlə bağlı müxtəlif ideyaların və layihələrin müzakirəsi, Vətən müharibəsi qaziləri ilə görüşlər, işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyəti mövzusunda infosessiyalar, interaktiv təlimlər, tematik vörkşoplar, intellektual və komanda inkişafı oyunları, eyni zamanda, ekskursiyalar və asudə vaxt üçün əyləncəli fəaliyyətlər planlaşdırılıb. (AZƏRTAC)

Oxşar xəbərlər