"Vətən səsi" xəbər verir ki, fermerlər son iki həftədə hava şəraitinin qarlı-şaxtalı keçməsindən sonra belə qərara gəliblər. Bildirilir ki, yayda dağ şəraitində saxlanılan arı ailələrinin payıza doğru aran bölgəsinə köçürülməsi, üstəlik qış mövsümünün sərt keçməsi təsərrüfata böyük ziyan vurur, itkilərin artmasına səbəb olur.
Kəlbəcər rayonundan olan məşhur arıçı Sabir Mustavayevin fikrincə, qışlama dövründə arı ailələrinin tələfatı bəzi rayonlarda 40-50 faizə çatır ki, bunun da əsas hissəsi aran rayonlarının payına düşür. Onun sözlərinə görə, yanvarın 13-də yağan qardan sonrakı günlərdə ölkənin isti rayonlarından olan Yevlaxda 5 dərəcə şaxta qeydə alınıb. Bundan əvvəl isə 18 dərəcə isti olub: “Havanın bu qədər oynaması aran bölgəsində saxlanılan arı ailələri üçün heç də yaxşı hal deyil. Bəzi arı ailələri 18 dərəcə isti hava şəraitində balaqoymanı başa çatdırmamış qəfildən güclü qar yağır, temperatur mənfi 5 dərəcəyə enir və nəticədə balaqoyma dayanır. Ona görə də arının qışlaması üçün ən yaxşı yer dağlıq ərazilərdir. Çünki dağlıq ərazilərdə daimi məskunlaşma arıçılıq təsərrüfatlarında təlafatın, eləcə də yem sərfiyyatının aranla müqayisədə 5 dəfə az, xəstəliklərlə mübarizənin isə daha əlverişli olması deməkdir. Bütün bunları nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyi işğaldan azad edilmiş dağlıq bölgələrdə arıxanaların qışladılması üçün lazımi şərait yaratmalıdır”.
Fermerlər Azərbaycan Arıçılıq Assosasiyasından da bu məsələdə kömək umur. Bildirilir ki, Kəlbəcər və Laçın yaylaqlarında köçürülən arıçılıq təsərrüfatlarının qış mövsümündə də həmin ərazilərdə qışlaması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi ilə şifahi müzakirələr aparılıb. Hazırda isə rəsmi müraciət əsasında perspektiv iş planı və fəaliyyət istiqamətləri ilə bağlı təkliflər öyrənilir. Ancaq hələ ki, Azərbaycan Arıçılar Assosiasiyası fermerlərin üzləşdiyi bu problemin həlli ilə bağlı öz mövqeyini açıqlamayıb.
Arıçılar bildirirlər ki, bu məsələdə obyektiv və subyektiv faktorlar çoxdur və həm arı ailələrinin, həm də heyvandarlıq təsərrüfatlarının işğaldan azad olunmuş ərazilərdə daimi məskunlaşdırılmasına razılığın alınması ayrıca müzakirə mövzusudur. Çünki yay mövsümündə Kəlbəcər və Laçında bəslənmiş arı ailələrini payızda arana köçürmək dəyişkən iqlim şəraitində itkilərin artmasına səbəb olur. Odur ki, arı ailələrini yalnız daimi olaraq eyni ərazidə saxlamaqla itkilərin qarşısını almaq, məsrəfləri azaltmaq mümkündür.
“Arıya da qar və soyuq lazımdır, ancaq davamlı. Qışın isti keçməsi taxıla da, arıya da ziyandır. Sovet dövrü ilə indini müqayisə etmək doğru deyil, həm iqlim başqadır, həm xəstəliklər daha çoxdur. Üstəlik, yem bazası da fərqlidir, fermerlərin əksəriyyəti xaricdən gətirilmiş cins arı ailələrinə daha çox üstünlük verir. Belə şəraitdə “Boz Qafqaz” sortu adlanan arı ailələrinin sayı sürətlə azalır. Bir tərəfdən də arıları yayda yalağa, qışda arana daşımaqla bu itkilərin artmasına şərait yaradılır. Ona görə də arı ailələrinin qışlamanı dağlıq zonada keçirməsi daha məqsədəuyğundur”, - deyən fermerlər aidiyyəti dövlət qurumlarından xoş xəbər gözləyir.
Elxan SALAHOV