21.05.2024, 14:06
AZ EN
06.03.2023, 09:33 289

Öncə Vətəndir deyən qəhrəman

XƏBƏRLƏR
  • 44 günlük Vətən müharibəsində şəhid olmuş və yaralanmış cəsur oğullarımızın qanı və canı bahasına yazılan bu tarix əbədi yaşayacaq.

Zaman gələcək, şəhidlərimizin qanları tökülən torpaqlarımızda da onların büstü ucaldılacaq və gələcəyimiz olan uşaqlar qəhrəmanlarımızın həyat yolunu səhifələdikcə bu yolun müqəddəsliyini dərk edərək onlara layiq övlad kimi böyüyəcəklər.

Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olab igid oğullarıpmızdan biri də  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri Elnur Zeynal oğlu Bağırovdur.

44 günlük Vətən münaribəsindən tanıdığımız, qləbimizin əbədi sakinlərindən biri də Elnurdu.

O, 1996-cı il mart ayının 6-da Cəlilabad rayonunun Privolnoye kəndində anadan olmuşdur. Orta məktəbi 2 saylı kənd məktəbində oxumuş, bitirdikdən sonra M. Mürsəlov adına Cəlilabad peşə liseyinə qəbul olmuşdur. 2014-cü ildə hərbi xidmətə çağırılmış, hərbi xidməti başa vurduqdan sonra DİN-nin Daxili Qoşunlarının XTD-nin çevik bölüyündə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətini davam etdirmişdir. 2019-cu ildən isə kəşfiyyatçı kimi xidmət göstərmişdir.

Hamının həsrətlə gözlədiyi böyük günün gəlişini Elnur da səbirsizliklə gözləyirdi. Torpaqların azad edilməsinin onun da müqəddəs vətəndaşlıq borcu olduğunu bildiyindən hərbi bilik və bacarıqlarını artırmaq üçün hərb sahəsində təhsilini davam etdirmişdi. O bilirdi ki, gün gələcək, işğalda olan torpaqları azad etmək üçün Vətən oğulları səfərbər olacaq. Bax onda, Elnur da, onlarla birgə bu şərəfli vəzifəni yerinə yetirəcək.

Gözlənilən gün 2020-ci il 27 sentyabrda gəldi. Elnur da silahdaşları kimi döyüşə atıldı. İlk gündən 7 kənd və Murov zirvəsinin azad edilməsində iştirak etdi. Həmin döyüşdə Elnur düşmənin atdığı artilleriya atəşi nəticəsində qəlpə yarası aldı. Yoldaşları onu döyüş meydanından uzaqlaşdırmaq istəsələr də, Elnur onlara etiraz edərək döyüşü davam etdirdi. Yaralanmasına baxmayaraq, düşmənə olan qəzəbi onu döyüşməyə, düşməni məhv etməyə sövq edirdi. Döyüş yoldaşı Qurban deyir ki, Elnur həmin ərəfələrdə əməliyyatdan çıxmışdı, yarası hələ tam sağalmamışdı. Bu vəziyyətdə ona döyüşmək də olmazdı. Komandanlıq ona döyüşə qatılmamağı, yarası sağalana kimi gözləməyi tapşırsa da, Elnur etiraz edərək döyüşə girdi.

Həmin axşam hücum nəticəsində düşmənin yüksəklikdə yerləşən bir neçə mövqeyi məhv edildi. Kəlbəcər istiqamətində 8-9 km irəliləyən döyüşçülər bu torpağa ayaq basdıqları üçün qürur duyur, sanki bu yerlərdən mənəvi güc alaraq düşməni məhv edirdilər.

Səhəri gün alınan növbəti tapşırıq başqa istiqamətdən hücuma keçmək əmri idi. Bunun üçün döyüşçülər geri qayıtmalı idilər. Alınan kəşfiyyat məlumatlarına görə irəlidə düşmənin xeyli zirehli hərbi texnikası var idi. Dağlıq ərazi olduğuna görə texnika ilə döyüş aparmaq əlverişli deyildi. Bu ərazilər ancaq canlı qüvvə ilə azad edilirdi. Məlum oldu ki, bu istiqamətdə canlı qüvvə ilə düşmən üzərinə hücuma keçmək səmərəsizdir. Alınan tapşırığa əməl etmək üçün əsgərlər geri dönüb başqa istiqamətdən hücuma keçməli idilər.

 Artıq hava işıqlanmışdı. Bu, düşmənə şərait yaradırdı ki, hərəkətdə olan əsgərləri aşkar etsin. Bir anda artilleriya və snayper silahlarından atəş açılmağa başladı. Bu döyüşdə yaralılar olsa da, döyüş davam etdirildi.

Mövqe tutmaq üçün geri çəkilən əsgərlər dağ silsiləsində olan keçiddən keçməli idilər. Bu isə çətinlik yaradırdı. Yüksəklikdə olan düşmən onları asanlıqla müşahidə edir və atəşə tuturdu. Bu döyüşdə açılan mərmilər bir neçə igidin ömrünü yarımçıq qoydu. Onların arasında Bağırov Elnur da var idi. O, sentyabrın 28-də şəhadət şərbətini içərək əbədiyyətə qovuşdu...

Vətən müharibəsinin ilk günlərində canını torpağa fəda edən Elnur Bağırov və onun silahdaşları böyük zəfərin təminatçısı oldular. Onlardan sonra döyüşə atılan hər igid əsgər şəhid olmuş yoldaşlarının adını qürurla anaraq düşməni məhv edir, işğalda olan əraziləri azad edirdilər...

Ailəsi Elnurla əlaqə saxlaya bilmədiyindən çox narahat idi. Neçə gün idi ki, ona zəng çatmırdı. Anası Almaz xanım sanki baş verənləri hiss etmişdi, ürəyi həyəcanla çırpınırdı. Yoldaşı Zeynala: "Ay kişi, get, öyrən, gör bu uşağın başında nə iş var, niyə ona zəng çatmır? Get, mənə oğlumdan bir xəbər gətir", - deyə onu məlumat öyrənməyə göndərdi. Zeynal kişi harasa gedib qayıtdı, yoldaşına: "Xəbər gətirmədim, ay Almaz, oğlun özü gəlir", - deyə göz yaşlarını saxlaya bilməyib hönkürdü...

Elnur Bağırov 2020-ci il oktyabrın 2-də doğulduğu kənddə böyük ehtiram və izdihamla torpağa tapşırıldı. Ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Subay idi Elnur. Özü üçün ev də tikmişdi, amma hələ tam hazır deyildi. Anası Almaz xanım oğluna evlənməklə bağlı nəsə deyəndə Elnur: "Ana,  hələ torpaqlarımız işğal altındadır, gec-tez onları azad etmək üçün döyüşə başlamalıyıq. Vətənə övladlıq borcumu verim, sonra o haqda düşünərəm" deyə,- cavab vermişdi. İndi Elnurun elə bir evi, məkanı  var ki, oranı hər gün onlarla insanlar ziyarət edir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər