19.10.2024, 18:24
AZ EN
24.11.2022, 09:15 650

Şuşa fatehi Asəf Ağayev

XƏBƏRLƏR
  • Bu gün baş leytenant, Şuşa fatehi, Vətən Müharibəsi şəhidi Asəf Abid oğlu Ağayevin doğum günüdür. O, 1993-cü il noyabr ayının 24-də Qax rayonunda anadan olub. 2009-cu ildə C.Naxçıvanski adına hərbi liseyə daxil olub və 2012-ci ildə bitirib. 2012-2016- ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali hərbi məktəbində təhsil alıb. 2016-ci ildən Ordumuzun Xüsusi Təyinatlı Qüvvələrində leytenant kimi Vətənə xidmətə başlayıb.

Asəf Ağayev 44 günlük Vətən Müharibəsi başlayandan döyüşlərə qatılıb. O, Füzulidən Şuşaya qədər döyüş yolu keçib.

Şuşa fatehi Asəf Ağayev 2020-ci il dekabrın 10-da keçirilən Bakı Qələbə Paradında da XTQ-in baş leytenantı kimi iştirak edib.

2020-ci il noyabrın 24-də doğum gününü böyük qürurla Şuşada keçirən qəhrəman 27 yaşının tarixə düşəcəyini söyləyib.

Baş leytenant Asəf Ağayev 2020-ci il dekabr ayının 17-də iki hərbçi yoldaşı ilə Xocavənddən Laçın istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşərək şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz doğulduğu Qax rayonunda Şəhidlər Xiyabanında, öz sözü ilə desək, “İgidlərin yatdığı yerdə” böyük bir izdiham və ehtiramla dəfn edilib. Onun şəhid olması xəbəri türk mediası və televiziyasında da gündəmə çevrilib...

Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə", “Xocavəndin azad olnmasına görə”, "Şuşanın azad olunmasına görə" medalları  və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.

 Asəf xalqın yaddaşında gülərüz, mehriban, eyni zamanda qəhrəman Şuşa fatehi kimi qalıb. Vətən müharibəsinin ilk günlərindən Şuşaya qədər döyüş yolu keçən oğlumuzun ailəsi onun müharibədən salamat çıxdığına görə qurban da kəsmişdi. Asəf dekabrın 16-da məzuniyyətlə evlərinə qayıtmalı idi. Amma azğın düşmənin həyata keçirdiyi növbəti təxribat onun yenidən vəzifəsinin başına qayıtmasına mane oldu. O, doğmaları ilə sonuncu danışıqlarında hələ bəzi erməni yaraqlısının Qarabağda qaldığını və onları məhv etməli olduqlarını qeyd edibmiş. Valideynləri onu dekabrın 16-da  gözləsə də, o, dekabrın 18-də geri qayıtdı, özü də müqəddəs şəhid kimi...

Atası Abid Ağayev deyir ki, övlad itkisi nə qədər ağır olsa da, o balasıyla – Şuşa fatehi kimi fəxr edir. Anası Gülnarə Ağayeva isə yeganə oğlunun şəkilləri ilə təskinlik tapır. İgid oğlunun bir şəklini xüsusi olaraq elə bağrına basır ki, sanki canlıdr. Hər səhər oğlu ilə beləcə salamlaşır, dərdləşir, gecə isə onunla sağollaşsa da, xəyalı ilə onun üçün həmişə 27 yaşında olan balasıyla daim birlikdə olur... “Tarixlərə düşən ad günü deyirdin. Düz deyirsən. Həqiqətən də tarixə düşdün. Sən dünyanın ən igid oğlusan, nə atanı, nə məni, nə dostları, kimsəni peşiman eləmədin, millətini başıuca elədin. Mən səninlə fəxr edirəm, igid balam”, - deyir...

İgidliyi sözə sığmayan qəhrəman oğlumuz Asəf Ağayev bir bacının yeganə qardaşı idi. İndi o, bütün Azərbaycan xalqının, türk millətinin doğma balasına çevrildi. Şuşa fatehi kimi Zəfər salnaməsini yazanlardan biri oldu.

Cənnətdəki doğum günün mübarək, cənab baş leytenant!

Mina RƏŞİD

Oxşar xəbərlər