11.03.2025, 22:35
AZ EN
17.08.2024, 10:00 222

Biz hökmən qalib gələcəyik...

XƏBƏRLƏR
  • “Əziz Ana, müharibənin nə olduğunu yalnız orada iştirak edən bilər. Qəribədir, bu bir neçə gündə elə bil uzun ömür yaşadım və çox şey anladım, ana. Səngərin ala-nəm qoxusu mənə anlatdı ki, doğurdan da biz torpaqdan yaranmışıq. Anladım ki, torpaq şəhid qanı ilə yoğrulanda Vətən olur. Anladım ki, elə ölümlər var yaşamaqdan daha şərəflidir. Anladım ki, bu Vətən üçün olan ölümdür. Anladım ki, biz hökmən qalib gələcəyik, ana. Çünkü biz haqlıyıq. Bu inam, bu anlam mənə və nəinki mənə, bizim hamımızın ruhuna güc-qüvvət verir. Anladım ki, bu torpağa niyə ana vətən deyirlərmiş...

Səni Vətəni qədər sevən oğlun, Allah hamınızı qorusun!”

Bunlar Vətən müharibəsi şəhidi Elman Məmmədovun döyüşlərdə olarkən anasına ünvanladığı unudulmaz etirafıdır. 

Anası deyir ki, Elman heç nədən qorxmurdu, o bir qəhrəman idi. Elmanın bir qardaşı da hərbçiydi. Ancaq bu Elmanı seçdiyi yolundan geri çevirmir. O, hərbi xidmətini  başa vurduqdan sonra yenidən ordu sıralarına qayıdır. Elmanın gözəl ailəsi var idi, ancaq oğlu Adəm doğulandan 10 gün sonra həyat yoldaşı dünyasını dəyişir...  

Bu gün Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu, Vətən müharibəsinin şəhidi Elman Bəhmən oğlu Məmmədovun doğum günüdür. O, 1991-ci il avqustun 17-də Tərtər rayonunun gözəl təbiətə malik Borsunlu kəndində anadan olub. O, ailədə 3 qardaşdan ortancılı idi. Kənd məktəbində orta təhsil almışdı. Hərbi xidmətindən sonra bu sahəyə bağlandığından yenidən ordu sıralarına qayıtmışdı. 

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Elman Füzulinin azadlığı uğrunda gedən döyüşlərə qatılır. Döyüşlərdə şücaətlər göstərən  Elman Məmmədov oktyabrın 3-də Füzuli  istiqamətində gedən döyüş əməliyyatlarında qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz böyük izdiham və ehtiramla doğma Tərtər rayonunun Borsunlu kəndində dəfn olunub.

Atasının dediyinə görə, Elman vətənpərvər, ciddi, mərd, döyüşəkən insan idi. O, öz komandirini döyüş meydanında xilas etmişdi...

Elman Məmmədov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər