Məşhur “Koroğlu” dastanında deyildiyi kimi
Həmzə, atı yaxşı saxla,
At igidin qardaşıdı.
Gündə muğayat ol, yoxla
At igidin qardaşıdı.
Özü də məğrurluq simvolu olan Qarabağ atı ola. 30 illik işğal dövründə vaxtilə dünyaya səs salan Azərbaycanın milli sərvəti olan Qarabağ atlarının da nəsli tükənmək təhlükəsi ilə üz-üzə qalmışdı. Amma nə yaxşı ki, öz işini ürəkdən sevən usta at məşqçisi Şəmsəddin Atayev kimi insanlar var və onlar buna imkan vermədilər.
Azərbaycan füsünkar təbiəti, heyrətamiz musiqisi, qədim abidələri, yeraltı və yerüstü sərvətləri ilə yanaşı həm də öz adını çoxdan dünyaya tanıdan Qarabağ atları ilə məşhurdur. Qarabağ atlarının qızıl erası hələ 300 il bundan əvvələ gedib çıxır. Elə o vaxtdan 1993-cü ildə Ağdamın işğal olunmasına qədər bu şöhrət davam edib.
Torpaqlarımıza və bütün sərvətimizə göz dikən düşmənin hədəflərindən biri də atçılıq zavodu idi. Ona görə də çox çətiliklə də olsa o vaxt nə yaxşı ki, Qarabağ atları xilas edildi. Ancaq bu cins atların mühitinin dəyişməsi və digər problemlər atların nəslinin kəsilməsinə gətirib çıxarırdı. Həmin çətin anlarda Ağdamdan at üstündə gələn atları xilas edənlərdən biri də Şəmsəddin Atayevdir. O, keçmişdən bu yana dörd nəslin atçılıq peşəsinin davamçılarındandır. Ş.Atayev bu günlərdə İctimai Televiziyaya bu barədə danışıb: “Gözümü açandan, atam-babam bu işlə məşğul olub. Mən də bu işi çox sevmişəm. Ata vurğunluğumuz elə böyük olub ki, bəzən biz atın yanında yatmışıq. Bizdə iki cins var. Qarabağ, dilimaz. Ata baxmaqdan çox şey asılıdır. Hər gün səhər saat 6-da işimiz başlayır. Əvvəlcə atların yeri təmizlənir, sonra onları yemləyirik. Bundan sonra səhər məşqi başlayır. Məşqdən sonra isə atların ayaqlarını yuyuruq, nallarına baxırıq”.
Ş.Atayev onu da deyir ki, atların hər birinin öz xarakteri olduğu üçün adamı yorur. Amma bu iş həm də insana zövq verir. At sevgini hiss edir, tanıdığı adama çox vəfalıdır.
Azərbaycanın 2020-ci il sentyabrın 27-də başladığı 44 günlük Vətən müharibəsində Qarabağ atlarının məskəni olan Ağdam da işğaldan azad edildi. Artıq Qarabağ atları öz doğma məskənlərinə qaytarılıb. Bu isə o deməkdir ki, Qarabağ atının əvvəlki şan-şöhrəti özünə qayıdır.
Mina RƏŞİD