19.10.2024, 02:21
AZ EN
28.03.2023, 10:01 127

28 mart şəhid Azər Yusiflinin doğum günüdür

XƏBƏRLƏR
  • Vətən müharibəsinin qəhrəmanlıq tarixinə adı həkk olan oğullarımızdan biri də şəhid Azər Yusiflidir. 

Azər Nazim oğlu Yusifli 1994-cü il mart ayının 28-də Ağstafa rayonunun Böyük Kəsik kəndində ziyalı ailəsində anadan olub. 2000-ci ildə Böyük Kəsik kənd orta məktəbinin birinci sinfinə daxil olan Azərin ibtidai sinif müəllimi elə öz anası Yeganə Məmmədova olub. Azər 2012-ci ilin aprelində hərbi xidmətə yollanıb və Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 11-ci bölüyündə kiçik çavuş rütbəsi ilə xidmət edib.

Hərbi xidmətini bitirdikdən sonra bu sahədən ayrılmaq istəməyən qəhrəmanımız sənədlərini işləmək üçün sərhəd qoşunlarına təqdim edib və işə qəbul olunub. Sərhəd xidmətində fəaliyyətə N saylı hərbi hissəsində başlayıb. Xidmətdə fərqləndiyinə görə, Azər dəfələrlə hərbi hissənin komandiri, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən fəxri fərmanlar və medallarla mükafatlandırılıb. Hərbi döyüş və idman hazırlığında xidmətlərinə görə Azəri Mərdəkanda yerləşən Sərhəd Qoşunlarına məxsus Xüsusi Təyinatlı Dəstəyə göndəriblər. Orada keçirilən döyüş təlimlərində və taktiki, texniki fəaliyyətlərində Azər böyük üstünlüklər qazanıb.

2020-ci ilin iyulunda Qəhrəmanımız Tovuz döyüşləri zamanı xüsusi təyinatlı dəstədə kəşfiyyatçı kimi fəaliyyətə başlayıb. Sentyabr ayının 27-də Vətən müharibəsi başlayanda Sərhəd Qoşunlarına məxsus, xüsusi təlim keçmiş “xüsusi təyinatlı kəşfiyyat dəstəsi” bütün torpaqların azad olunması üçün ön sırada xidmətə yollanıb.

Həmin dəstənin üzvü olan Azər Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Zəngilanın azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstərib. Onun döyüşlərdə necə mətinliklə vuruşduğu, göstərdiyi rəşadəti haqqında qazi olan döyüş yoldaşları ağız dolusu danışıblar.  Cəbrayıl azad ediləndə Xudafərin körpüsünün, Zəngilan azad ediləndə isə Zəngilan Prokurorluğu binasının üstünə bayrağı məhz Azər sancıb.

Döyüş yoldaşı Xəyal Namazov: “Həmin məqamda Azərin keçirdiyi qürur hissini sözlə ifadə edə bilmərəm. Hər dəfə döyüşlərdə erməniləri öldürdükcə “Bu da Xocalının heyfidir!” deyirdi...”

Müharibənin ilk həftəsində Azər yaralanıb və hospitalda müalicə almalı olub. Həkimlərin  dediyinə görə gecə-gündüz növbə çəkir, onu saxlamağa çalşıblar. Üç gün sonra Azər hələ tam sağalmamış yaralarını sarıyıb döyüş meydanına  qayıdıb.

Azərin döyüş yoldaşı Vüqar Zamanov: “Mən Cəbrayılda yaralandım. Tibb məntəqəsi isə döyüş meydanından xeyli aralıda idi. Azər bir əlində silah döyüşə-döyüşə çiynində məni neçə kilometr uzaqlıqdakı tibbi xidmət məntəqəyə çatdırdı". 

Son döyüşdə bizimkilər ermənilərlə qeyri-bərabər qüvvə ilə döyüşürdülər. Kiçik bir kəşfiyyat dəstəsi ermənilərin 37 əsgər və zabitini əsir götürüb, 42 nəfərini isə məhv edib.

Döyüş yoldaşlarının çəkdiyi maraqlı bir video görüntü var. Zəngilan azad edildikdən sonra Azər bir məktəb binasına daxil olur. Hayların bayrağını və özlərinə “milli qəhrəman” elədikləri Monte Melkonyanın şəklini divardan söküb ayaqlarının altına atır və tapdalayır. Daha sonra zaman-zaman türkün tarixini və coğrafiyasını mənimsəyən oğru millətin tarixi abidələrinin sərgiləndiyi bir divar kağızına doğru gedir. Hayların xülyalarında, miflərində yaratdığı Böyük Ermənistan xəritəsini və tarixi abidələrin şəklini divardan söküb ayaqlayır, əzdikcə bu da “şərəfsizlərin məktəbi” deyir. 

Azər sağlığında "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı və "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif edilmişdi.

DXS-nin baş giziri Azər Yusifli 2020-ci il oktyabrın 26-da Zəngilan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medallları ilə təltif olunub.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər