19.03.2026, 17:06
AZ EN
19.03.2026, 15:37 172

Şuşanın "Güllü bağ"ında Novruz yarmarkası açılıb

QARABAĞ
  • Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın “Güllü bağ” ərazisində Novruz bayramı münasibətilə bayram yarmarkası təşkil olunub.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə baş tutan yarmarkada sakinlərin əl işləri, səmənilər, milli mətbəximizə aid olan bayram xonçaları, müxtəlif şirniyyatlar yer alıb.

Yarmarkada şəhər sakinləri ilə yanaşı, Şuşaya gələn qonaqlar da iştirak edirlər. Ziyarətçilər həm bayram alış-verişi edir, həm də qədim şəhərin bahar ab-havasından zövq alırlar.

Bayram təəssüratlarını bölüşən Şuşa sakini Nuridə Xəlilova deyib: “Bu gün biz uzun illərdən sonra yenə Şuşanın “Güllü bağ”ındayıq, Novruz bayramını qeyd edirik. 30 ildən çox bu günün həsrətini çəkdik. Hər il arzuladıq ki, növbəti Novruzu Şuşada qeyd edək. Axır ki, bu arzumuza çatdıq. Çox sevinirik, çox qürurluyuq. Şəhidlərin ruhu şad olsun, Allah qazilərə şəfa versin”.

Digər sakin İlkin Rəhimli Novruz bayramını Şuşada qeyd etdiyi üçün qürur hissi keçirdiyini bildirib: “Bu gün burada olmaqdan böyük qürur hissi duyuram. Azad Qarabağımızın gözü olan Şuşamızda bayram ab-havası var. Baharın nəfəsi Şuşamızda duyulur. Şükürlər olsun ki, biz yenidən öz torpaqlarımıza qayıtmışıq. Hər şey gözəldir. Nə yaxşı ki, torpaqlarımız azad olundu və biz bayramı Şuşamızda qeyd edirik”.

“Güllü bağ”dakı Novruz yarmarkası bir həftə davam edəcək. (AZƏRTAC)

Oxşar xəbərlər