19.04.2024, 18:19
AZ EN
31.05.2023, 09:47 208

Fransız dilində oxuyan, Vətənə fəda olan Teymur

XƏBƏRLƏR
  • Bu gün Vətən Müharibəsi qəhrəmanlarından olan şəhid, əsgər Teymur Saday oğlu Osmanlının doğum günüdür. O, 1995-ci il mayın 31-də İsmayıllı rayonunun Cülyan kəndində doğulub. Təhsilini 2001-2012- ci illərdə İsmayıllı şəhər İ. Həsənov adına 1 saylı tam orta məktəbdə alıb.

Teymur 2012-ci ildə Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsinə (fransız dili) daxil olub və 2016-cı ildə universiteti bitirib.  Fransız dilinə olan marağı onu Azərbaycan Dillər Universitetinə gətirmişdi. O, universitet illərində ən fəal tələbələrdən idi. Universiteti bitirdikdən sonra, elə həmin il Tərtər rayonunun N saylı hərbi hissəsində Vətənə xidmətə başlayıb. Xidməti başa vurduqdan bir müddət sonra Bakıda notariat ofisində baş mütəxəssis vəzifəsində çalışıb. Təhsilə bağlılığı, oxumaq həvəsi onu ikinci təhsil almağa sövq etmişdi. Belə ki, o, 2018-ci ildə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdu.  Təhsili qiyabi olduğu üçün Teymur çalışırdı.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Teymur  könüllü olaraq Ordu sıralarına daxil olub. Böyük arzularla yaşayan bu gənc oğlan, igid əsgər oktyabrın 3-də Talış-Suqovuşan yaşayış məntəqələrinin düşməndən azad olunması istiqamətində gedən qanlı savaşda qəhrəmancasına şəhadətə ucalıb.

Qardaşı Samir Osmanlının dediyinə görə, onlar sonuncu dəfə oktyabrın 2-də telefonla danışıblar. Ailəsi narahat olmasın deyə Teymur müharibədən danışmazdı. Soruşanda isə ancaq “narahat olmayın, hər şey yaxşı olacaq ”- deyərmiş.

Şəhidimiz Teymur Osmanlı oktyabrın 17-də İsmayıllı rayonunun Cülyan kənd qəbiristanlığında böyük izdiham və ehtiramla dəfn olunub.

Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Teymur hər zaman torpaqlarımızı mənfur düşməndən alacağını, tarixin ondan danışacağını deyərmiş. Doğrudan da, torpaqlarımız azad olundu və Teymur kimi oğulların şücaəti dillərə dastan oldu.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər