Prezident İlham Əliyev bu ərazilərdə yeni infrastruktur layihələrinin təməlini qoydu. Eyni zamanda, dövlətimizin başçısı Xocalıda Ballıca kəndində sakinlərlə görüşdü və bir daha bəyan etdi ki, “Vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmaq dövlətimizin borcudur”. Azərbaycan Prezidentinin yerli əhali ilə səmimi görüşü, sakinlərin qonağı olması xüsusi əhvali-ruhiyyə yaratmaqla yanaşı, həm də keçmiş məcburi köçkünlərə mənəvi dəstəkdir.
Bu sözləri Milli Məclisin deputatı Nigar Məmmədova söyləyib.
Deputat qeyd edib ki, bütün keçmiş məcburi köçkün soydaşlarımız işğalın, müharibənin ağır nəticələrindən əziyyət çəkib. Amma dəhşətli soyqırımına məruz qalan Xocalı sakinlərinin əziyyətini dövlətimizin başçısı xüsusi vurğulayaraq dedi: “Bütün azad edilmiş ərazilərimiz kimi, Xocalını azad etmək də hər zaman gündəlikdə duran məsələ olub”. 2023-cü il antiterror tədbirlərindən sonra azad olunan Xocalıda bu gün sürətli bərpa-quruculuq işləri aparılır. İşğaldan sonra artıq bərpa olunan 10-cu yaşayış məntəqəsi kimi Ballıca kəndinə də yeni həyat qayıdıb. Burada 460 keçmiş köçkün yerləşib, 137 ev bərpa edilib və əlavə təqribən 60-a yaxın ev də bərpa olunacaq.
“Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, orada layiqli şəkildə yaşamaları üçün dövlətimiz tərəfindən genişmiqyaslı tədbirlər görülür. Dövlətimizin başçısının da bəyan etdiyi kimi, təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda ümumilikdə 40 minə yaxın insan yaşayır və fəaliyyət göstərir. 2025-ci ilin sonuna qədər daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlər qayıdacaq, beləliklə 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaq”, - deyə N.Məmmədova vurğulayıb.
Onun sözlərinə görə, irimiqyaslı infrastruktur layihələri azad olunmuş əraziləri regionun ən inkişaf etmiş bölgəsinə çevirməkdədir. Azad olunmuş ərazilərə qayıdan insanların məşğulluğunun təmin edilməsi də əsas prioritetlərdən biridir. Yaşayış kompleksləri ilə yanaşı, istifadəyə verilən və yeni inşa olunan sosial obyektlər həm də yeni iş yerləridir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Xankəndiyə səfəri zamanı burada fəaliyyət göstərən və mütləq əksəriyyəti qadınlardan ibarət olmaqla 200-dən çox işçinin çalışdığı tikiş fabriki ilə tanış oldu. Yeri gəlmişkən, Xankəndidə, eyni zamanda, mütəmadi olaraq peşə hazırlığı kursları da təşkil edilir. Kursları uğurla başa vuran şəxslər isə fabrikdə işlə təmin olunur. Ümumilikdə isə burada 800 iş yerinin yaradılması nəzərdə tutulur.
Bir sözlə, burada həyata keçirilən bütün tədbirlər öz doğma yurduna qayıdan soydaşlarımızın layiqli həyat şəraitini təmin etməkdədir. Uğurla həyata keçirilən Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. İllər boyu vətən həsrəti ilə yaşayan soydaşlarımızın, onların övladlarının öz doğma yurduna dönməsi, burada həyata davam etməsi, qurub-yaratması əvəzedilməz hissdir. Biz Prezident İlham Əliyevlə Ballıca sakinlərinin görüşündə də bu səmimi emosiyaların şahidi olduq. (AZƏRTAC)