Tahirə xanım 1965-ci ilin oktyabr ayının 10-da Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub. 1973-cü ildə Dəmirçilər kənd 8 illik məktəbinin 1-ci sinfinə gedib, 1983-cü ildə Dondarlı kənd orta məktəbini əla qiymətlərlə başa vurub.
1984 -1987-ci illərdə “Avanqard” (indiki “Bəgüşad”) Qubadlı rayon qəzetində ədəbi işçi, müxbir vəzifələrində çalışıb. Ədəbi yaradıcılığa məktəb illərindən başlayıb və Tahirə Kədərli imzası ilə yazdığı şeirlər yerli qəzetdə dərc edilib. Yazıları ilə diqqəti cəlb edən gənc şairə redaksiya tərəfindən mükafatlandırılıb.
1995-ci ildən başlayaraq “Yeddi gün”, “Ana Vətən”, “Vətən səsi” və “168 saat” qəzetlərində çalışıb. Yazıları, mənsur şeirləri “Ədalət”, “Şəhriyar”, “Təzadlar”, “Dünyaya pəncərə” və “Bütöv Azərbaycan” qəzetlərində çap olunub.
“Dərdin qucağında böyümüşəm”, “Günahımı gözlərimə bağışla” , “İlahi Nura doğru” və “Sevgi yolları” adlı kitabların müəllifidir. Onun Türkiyə tükcəsində yazdığı iki kitabı qardaş ölkədə çap olunub.
Tahirə xanım müxtəlif mövzularda yazdığı məqalələrinə görə AKİVHİ tərəfindən “Xan qızı Natəvan” diplomuna, “Qafqaz” Media İctimai Birliyi tərəfindən “Vicdanlı qələm” mükafatına, ədəbi yaradıcılığının 25 illiyi münasibətilə “Peşəkar jurnalist” adına layiq görülüb. 2011-ci ildə Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən keçirilən yazı müsabiqəsində uğur qazanaraq diplomla təltif edilib. Şeirləri Türkiyə mətbuatında dərc edilir və “İstanbul Şiir Fırtınası” radiosunda səsləndirilir. “Məhsəti” Şairlər Məclisinin üzvüdür. Hazırda 4 kitab üzərində çalışır.
Doğum günündə Tahirə xanımın Yurd sevdalı şeirlərindən “Vətən səsi”nin oxucularına ərməğan edirik.
Tahirə Kədərli
SALAM, ŞUŞA!
Mən öncə sənə gəldim,
həsrətiylə yandığım
doğulub boy atdığım
dil açıb danışdığım
doğma kəndimə deyil,
Əziz Şuşam, ilk dəfə
sənə gəldim...
daşını, torpağını,
müqəddəs oylağını
mən heç görməmişdim.
səsini, sorağını, o saf növrağını
dillərdən öyrənmişdim.
hələ uşaqlığımdan
üzünü görməsəm də,
qoynuna gəlməsəm də,
mən səni çox sevmişdim.
Əziz Şuşam!
Uşaqkən elə bilirdim
şüşədən bir ev olmusan...
bu sehirli aləmin xəyalıyla yatırdım.
uşaqlıq xəyalıma yuxularda çatırdım...
evdə böyüklərimiz
səni vəsf eyləyirdi.
“Şuşa candır”, deyirdi...
böyüdüm öyrəndim ki,
yenilməz qala olmusan.
dahilər yetişdirib şan-şöhrət qazanmısan...
sən Azərbaycanın tarixi torpağısan...
qoynunda pərvazlanıb
neçə oğulun, qızın.
dillərdə dastan olub
muğamın, tarın, sazın...
İlk dəfədir sənə gəldim, Şuşam.
ey müqəddəs torpağım,
qoy səndə dalğalansın
bu üç rəngli bayrağım!
nələr çəkdi başın sənin,
müqəddəsdir, uludur
torpağın, daşın sənin...
Burda neçə igidin qanlı xatirəsi var...
burda neçə igidin
Şanlı Qələbəsi var.
Burda xain düşmənin
gözləri oyulubdu.
burda xain düşmənin
planı pozulubdu.
bu daşdan, qayalardan
İgidlərim güc alıb.
burda neçə igidim
gözləri gülə-gülə
şəhadətin oxuyub.
Burda neçə igidim
Zəfər səsini duyub...
Kiminin son kəlməsi
kiminin son gülləsi
bu torpağa yazılıb...
Ey müqəddəs torpağım,
qoy səndə dalğalansın
bu üç rəngli bayrağım!.
Salamat qal, əziz Şuşam...
gedirəm, qayıdacam,
bil ki, ölənə kimi
mən səndən doymayacam...
***
Gələcəm sənə, Vətən!
siləcəm göz yaşını...
yarana məlhəm olacam,
söz, heç yana
getməyəcəm,
elə səndə qalacam...
Orda yağış yağır,
hava soyuqmu?
üşümə, gözüm nuru,
üşümə...
Orda gün çıxıb
təpidir yeri...
daşı, torpağı sevinir,
hələ saralmayan,
qürurlanan
yarpağı sevinir
kəndimin...
Orda gecələrin
aydı qonağı...
hələ günəşinin
var parlamağı...
Bir ildir igidlərimin
qanı ilə sivarılsa da
bir ildir ciyərimiz
parça parça olsa da...
azaddır torpağım,
azaddır kəndim,
Şükürlər olsun!
Şəhidlərimin hər
ayaq izlərinə,
tökülən qanlarına...
gedib orda səcdə
etmək istəyirəm...
Məkkəm, Mədinəmdir
Şəhid qanı ilə dolan torpağım!..
Alnımı qoyacağım möhür
donan şəhid qanıdır...
O şəhidlərim ki, bu gün
Azərbaycanımı bütün
Dünyaya tanıdır....
Hazırladı: Mina RƏŞİD