Əvvəlcə Ümummilli Lider Heydər Əliyev və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Qarabağın işğaldan azad olunması və Qərbi Azərbaycana qayıdışla bağlı çıxışlarından bəhs edən film nümayiş olunub. Daha sonra, tədbiri giriş sözü ilə açan Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Qarabağ ictimaiyyətinin bu təqdimata ev sahibliyi etməsindən qürur duyduğunu bildirib.
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, İcmanın İdarə Heyətinin sədri və eyni zamanda Qərbi Azərbaycan şəhidləri kitabının müəllifi, Milli Məclisin deputatı Əziz Ələkbərlinin salamlarını tədbir iştirakçılarına çatdırıb. O, Zəfər tarixindən bəhs edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində əldə olunan möhtəşəm Qələbənin müstəqillik tariximizin ən böyük zəfəri olduğunu, Azərbaycan Ordusunun qısa zamanda Qarabağ uğrunda başladığı haqq savaşını Qələbə ilə başa vurduğunu vurğulayaraq, şəhidlərimizin də Vətənimiz kimi bölünməz olduğunu diqqətə çatdırıb.
Çıxış edən deputatlar - Tənzilə Rüstəmxanlı, Mehriban Vəliyeva və Tural Gəncəliyev, Azərbaycanın Xalq artisti Nurəddin Mehdixanlı, Qərbi Azərbaycan məsələsinin də Qarabağ kimi ümummilli məsələ olduğunu bildiriblər. Onlar, Qərbi Azərbaycan əsilli şəhidlərin Qarabağ uğrunda canları bahasına göstərdikləri fədakarlıqdan bəhs edərək, şəhid ailələrinə ehtiram və minnətdarlıqlarını çatdırıblar. Parlament nümayəndələri tezliklə Qərbi Azərbaycana sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdacağımıza əmin olduqlarını vurğulayıblar.
Vətən müharibəsi şəhidi, mayor, pilot Abbas Qasımovun anası Kifayət Qasımova, I Qarabağ şəhidi, Azərbaycanın Milli Qəhrəmanı şəhid Əsəd Əhmədovun bacısı, QAİ Qadınlar Şurasının üzvü Afidə Əhmədova, Vətən üçün canını fəda edən oğullardan bəhs edərək, Vətəni, torpağı, dövlətçiliyi və sülhü tərənnüm edən bu cür tədbirlərin şəhid valideynlərinə təskinlik verməklə yanaşı, yeniyetmələrə və gənclərə vətənpərvərlik ruhu, qəhrəmanlıq və sevgi hisslərini aşıladığını bildiriblər. "Vətənpərvələr" İctimai Birliyinin Şuşa rayon təşkilatının sədri, Vətən Müharibəsi qazisi Xəyyam Abbaszadə, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərin adlarının əbədiləşdirilməsi və onların həyat tarixçələrinin xalqın qan yaddaşına köçürülməsi məqsədilə istedadlı qələm sahiblərinin təqdim etdiyi bu cür kitabların gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində faydalı olduğunu qeyd edib.
Sonda tədbir iştirakçıları xatirə fotoşəkli çəkdiriblər.
Tahirə AĞAMİRZƏ