21.11.2024, 11:09
AZ EN
04.12.2023, 14:10 2940

Biz qayıdacağıq

XƏBƏRLƏR

Gözlə, Yanıqpəyəm, gözlə sən məni

Həsrətə bir qılınc çalmağa gəlləm!

Bu gün yağılara qoysam da səni,

Sabah qucağında qalmağa gəlləm.

  • 1988-ci il noyabrın 24-də Moskvada Azərbaycan və Ermənistan KP MK-ların birinci katibləri Vəzirovla Harutyunyan Sov.İKP MK-nın baş katibi M.Qorbaçovun göstərişi ilə "Ermənistan"dakı azərbaycanlıların öz etnik yurdlarından çıxarılmasını təmin etmək üçün riyakar siyasətin icrasına başladılar.

Həmin gündən etibarən qədim oğuz yurdunda soydaşlarımızın təkcə doğma yurdlarından deyil, həm də növbəti soyqırımına başlanıldı.

Cəmi 3 gün ərzində yerinə yetirilməsi nəzərdə tutulmuş bu qanlı olaya qarşı dirəniş göstərilməsi isə məhz sovet əsgərləri vasitəsi ilə lazımi nəticəni vermədi. Qarlı dağlardan aşıb Azərbaycana pənah gətirən qaçqınlar o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinə gedərək orada məskunlaşmaq istəsələr də Vəzirovun  anti-milli siyasəti nəticəsində istəklərinə nail ola bilmədilər. Bu da bağışlanmaz həqiqətdir ki, o vaxt Azərbaycan KP MK-nın katibi olan, bu gün isə özünü vətənpərvər kimi təbliğ edən və etdirən Telman Orucov həmin ermənipərəst siyasətin önündə gedirdi.

Azərbaycanın əzəli torpaqlarından olan, amma 1921-ci il noyabrın 13-də Qazax rayonundan alınaraq Ermənistan SSR-ə verilən Qaraqoyunlu dərəsi adlanan, bir  nəfər də olsun erməni yaşamayan böyük bir ərazinin sakinlərini də məhz sovet ordusunun vasitəsi ilə öz yurdlarından çıxardan ermənilər sonralar mətbuatda dəfələrlə vurğulamışlar ki, "...biz daim Çəmbərək (Qaraqoyunlu) camaatından çəkinirdik. Onlar özlərini hələ 1919-cu ilin avqustunda göstərmişdilər".

Tarixin qanlı olayları, əlbəttə, çoxdur. 3 dekabr 1988-ci il isə qaraqoyunlular üçün sözün həqiqi mənasında, əsl faciə tarixidir. Axı, qaraqoyunlular məhz həmin gün öz yurdlarını tərk edərək taleyin müəmmalı axarına üz tutdular...

Artıq o vaxtdan düz 35 il ötüb, amma nə Vətən həsrəti səngiyib, nə də qaraqoyunluların dağlardan aldığı əzəmət, vüqar!

Cəmi 70 evdən ibarət olan Yanıqpəyə kəndinin sakinləri də  məhz belədir! 20-dən çox alimi, yüzlərlə ali təhsilli övladı olan Yanıqpəyənin 1-ci və 2-ci Qarabağ savaşında vuruşanları da çox olub. Bu gün ruhları və əməlləri önündə əbədi ehtiramlı olduğumuz yanıqpəyəli Şəhidlərin də, təbii, ruhları sevinir ki, Zəfərlə sonuclanan cəmi bir günlük antiterror əməliyyatında xüsusi təyinatlı yanıqpəyəlilər də igidlik göstərib. Xocalıda və Qarabağın müxtəlif yerlərində xalqımızı soyqırımına məruz qoyan, "Bakıda çay içəcəyik" - deyən və özlərini "prezident" adladıran  separatçı rəhbərləri indi həm də yanıqpəyəli önündə boynu bükük dayanır...

Bu il dekabrın 3-də bir yerə yığışaraq ötən və vətənsiz itən ömürlərində Yanıqpəyənin daim şərəflə anıldığını bildirən yanıqpəyəlilər həm də Qərbi Azərbaycan İcmasının nümayəndəsinin iştirakı ilə öz icmalarını yaratdılar, İcmanın rəhbərliyini seçdilər. Burada bir məqam isə  öz ləyaqətliliyi ilə diqqət çəkməyə bilməzdi. Belə ki, namizədliyi verilən hər kəs istəyirdi ki, özü yox, başqa yanıqpəyəli olsun. Elə kənddə belə idi: səmimilik,mehribanlıq, igidlik!

Bu isə deməyə əsas verir ki, Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyevin "Dəmir yumruğu" ilə biz öz Yanıqpəyəmizə qayıdacağıq və Qarabağ uğrunda şəhid oğlanlarımızın ruhları Göydən enib bizimlə vüsal bayramı edəcək!

Nəsib Qaramanlı

Oxşar xəbərlər