23.04.2026, 22:11
AZ EN
23.04.2026, 15:12 205

Azad olunmuş ərazilərdə məşğulluğa xüsusi diqqət yetirilir

QARABAĞ
  • Qarabağa yenidən həyat qayıdır. Vaxtilə məcburi köçkün düşmüş şəxslər Qarabağ və Şərqi Zəngəzurda sürətli bərpa-quruculuq işləri və Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində ata-baba yurduna qayıdır. Orada insanların rahat yaşaması üçün işlə təmin olması, məşğulluq məsələləri olduqca vacibdir.

“Vətən səsi” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev “ARB24” telekanalına və APA-ya müsahibəsində bildirib. İşğaldan azad olunmuş ərazilərdə məşğulluğun təmin olunması və digər sosial tədbirlərlə bağlı sualları cavablandıran nazir deyib ki, dövlət başçısının yürütdüyü siyasət çərçivəsində ötən müddət ərzində bu istiqamətdə mühüm işlər görülüb: “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış bizim hər birimizin mənəvi borcumuzdur, həm  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq bizim mənəvi borcumuz olmaqla yanaşı, həm də vəzifə borcumuzdur. Dayanıqlı qayıdışdan danışırıqsa, əlbəttdə ki, ora qayıdan şəxslərin dayanıqlı məşğulluğunun təmin edilməsi başlıca məsələlərdən biridir. Əmək və Əhalinin Sosial Müdafiəsi olaraq biz ərazilərə Böyük Qayıdışla bağlı həyata keçirilən proqramlara, məşğulluqla bağlı layihələrə böyük dəstək veririk. Dəstəyin mahiyyəti ərazilərə qayıdan keçmiş məcburi köçkünlərimizin həm qayıdışdan əvvəl, həm də qayıdışdan sonrakı dövrdə onların məşğulluq imkanlarının qiymətləndirilməsi, məşğulluq imkanlarının artırılması, işğaldan azad olunmuş ərazilərdə işlə təmin olunmasında onlara üstünlük verilir”.

Anar Əliyev bildirib ki, işğaldan azad olunmuş ərazilərdə peşə hazırlığı tədbirlərini tətbiq etməklə doğma yurduna köçürülən ailələrin bilik və bacarıqlarının artırılması, onların özünəməşğulluq proqramına cəlb edilməsi istiqamətində addımlar atılır. Nazir qeyd edib ki,  həm köçdən əvvəl, həm də köçdən sonra keçmiş məcburi köçkünlər aktiv məşğulluq tədbirləri ilə əhatə olunur: “Bu, praktiki olaraq özünü belə ehtiva  edir ki, köçkünlərlə əvvəl müəyyən olunmuş  siyahılar üzrə  iş aparırıq. Həmin şəxslərin hər biri ilə fərdi qaydada görüşürük, onların məşğulluq imkanlarını qiymətləndiririk və qiymətləndirmənin nəticəsinə uyğun olaraq, aktiv məşğulluq tədbirləri görülür. Köçdən sonrakı proseslərdə də eyni qayda da həmin ərazilərdə işi davam etdiririk. Bu proseslərdə bizə işəgötürənlər, sosial tərəfdaşlarımız da çox böyük dəstək göstərirlər. Əsas hədəfimiz işəgötürənlərlə birlikdə həmin ərazilərdə yaradılan iş yerlərinə ilk növbədə ora qayıtmış insanların işlə təmin olunmasını həyat keçirməkdir”.

Azad olunmuş ərazilərə köçürülən keçmiş məcburi köçkünlərin işlə təmin olunması istiqamətində mühüm addımlar atıldığını deyən nazirin sözlərinə görə, peşə hazırlığı məsələlərinə də çox diqqət göstərilir. Anar Əliyevin sözlərinə görə, son 3 ildə 6 minə yaxın keçmiş məcburi köçkün peşə hazırlığına cəlb olunub: “Həmin ərazilərdə müəyyən stimullaşdırıcı tədbirlər də həyata keçirilir. Bu ondan ibarətdir ki, işğaldan azad olunmuş ərazilərə köçmüş mütəxəssisləri birdəfəlik müavinətlərlə təmin edirik. Həmin ərazidə işləyən  insanların əmək haqlarına  20 faizədək artımlar  tətbiq olunur. Eyni zamanda işəgötürənlərlə münasibətdə də sosial sığorta haqlarının subsidiyalaşdırılması proqramımız var. Ən böyük dəstəyi işəgötürənlərdən görürük. Çünki məşğulluğun əsas gücü, dartıcı qüvvəsi işəgötürənlər və yeni yaradılan iş yerləridir. Hesab edirik ki, işğaldan azad olunmuş ərazilərin çox böyük iqtisadi və məşğulluq potensialı var. Həmin potensiallar reallaşdıqca keçmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı problemlərin həllinə nail ola biləcəyik”.

Röya SALMANQIZI

Oxşar xəbərlər