"Vətən səsi" xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraoğlu İstanbul Sənaye Palatasının iclasında bildirib. O, "Hörmüz boğazı" ətrafındakı vəziyyətdən danışarkən alternativ nəqliyyat marşrutlarından biri kimi diqqəti Zəngəzur dəhlizinə yönəldib. Türkiyəli nazir deyib ki, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" və ya qısaca olaraq "TRIPP yolu" adlandırılan Zəngəzur dəhlizi layihəsinin reallaşması regionda nəqliyyat və kommunikasiya xidmətlərinin təhlükəsiz təşkilinə geniş imkanlar yaradacaq: "Asiya, Avropa və Afrikanın kəsişməsində yerləşən ölkəmiz coğrafi mövqeyi, təklif etdiyi təhlükəsiz, sürətli və rəqabətli dəhlizlər sayəsində qlobal ticarətin yeni onurğalarından birinə çevrilir. Prezidentimizin strategiyası çərçivəsində təşviq edilən Orta Dəhliz sayəsində Çindən Avropaya daşınma müddəti ənənəvi marşrutlarla müqayisədə xeyli azaldılıb".
Türkiyənin nəqliyyat naziri qeyd edib ki, Süveyş kanalından orta hesabla 35 gün, Ümid burnundan isə təxminən 45 gün çəkən Orta Dəhliz vasitəsilə daşınma 18 günə endirilib. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması ilə yükdaşıma xidmətlərinin rentabelliyi dünya iqtisadiyyatına daha böyük töhfələr verəcək: "Bizim məqsədimiz dəmir yolu ilə yükdaşıma müddətini 14 günə endirməkdir. Orta Dəhlizi gücləndirmək üçün Zəngəzur dəhlizi ilə birləşəcək Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xətti üzərində də işlərə başlamışıq".
Elxan SALAHOV