"Vətən səsi" xəbər verir ki, bu barədə Sərkisyan özü Ermənistan Baş naziri kimi istefasının 8-ci ildönümü ilə bağlı bəyanatında bildirib. Eks-prezident seçkilərin hazırkı hakimiyyətin lehinə saxtalaşdırılacağını düşündüyü üçün səsverməyə qatılmadığını iddia edib: "Partiyamız artıq qarşıdan gələn seçkilərdə iştirak etməmək qərarını açıqlayıb. Bu, sadəcə siyasi mövqe deyil, partiyamızın yekdil, düşünülmüş və əsaslandırılmış, tarixi qərardır".
Seçki günü yaxınlaşdıqca Ermənistanda siyasi gərginliyin daha da artdığını deyən Serj Sərkisyanın bildirib ki, Avropa ölkələri və Rusiyadan verilən mesajlar budəfəki seçki marafonunu əvvəlkilərlə əhəmiyyətli dərəcədə fərqlənir. Onun sözlərinə görə, xarici təsir və maraqların artması fonunda Ermənistan müxalifəti arasında parçalanma meylləri güclənib və bu, həmin qüvvələrin prinsipial məsələlərdə vahid mövqe sərgiləmək imkanlarını daraldır: "Avropa İttifaqı Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyasının seçkilərdə qalib olması üçün fəaliyyətə başlayıb. Bir neçə ay əvvəl "Respublikaçı" Partiyası bu hakimiyyətdən qurtulmağın yeganə yolu kimi impiçment qanun layihəsi təklif etmişdi. Onlar və xarici sponsorları artıq seçkiləri saxtalaşdırmağa, müxalifləri həbs etməyə, dövlət borcunu ikiqat artırmaq hesabına büdcədən seçki rüşvətləri paylamağa və artan qanunsuzluqlara göz yummağa başlayıblar. Bu şəraitdə ədalətli və rəqabətli seçkilər mümkün deyil".
Bununla belə, Sərkisyan həm vaxtilə onunla eyni komandada təmsil olunan və hakimiyyət qollarını bölüşən Robert Köçəryanın, həm də rusiyalı oliqarx Samvel Karapetyanın seçkilərdə iştirak edəcəyini bildirib. O, xüsusilə də keçmiş prezidemt Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" blokunun seçkilərə qatılmasından təəssüfləndiyini gizlətməyib: "Təəssüf ki, parlamentdəki həmkarlarımız Robert Köçəryan seçkilərə qatılmaqla fərqli yol seçdilər. Bu qərarı əsaslandırmaqda onlara uğurlar arzulayıram. Amma nə Köçəryana, nə də digər müxalif qüvvələrə dəstək verməyəcəyik. "Respublikaçı" Partiyası parlamentdənkənar qüvvə kimi öz rolunu qoruyub saxlamağa davam edəcək".
Ermənistan mətbuatı yazır ki, keçmiş prezidentlər Sərkisyanla Köçəryanın yollarını ayırması gözlənilən idi. Çünki son vaxtlar onların komanda üzvləri bir-birinin ünvanına müxtəlif ittihamlar və təhqirlər səsləndirib. Köçəryanın tərəfdarları Sərkisyanı hətta Nikol Paşinyanın iqtidara gəlməsi üçün şərait yaratmasına görə ittiham ediblər. Məhz bundan sonra sabiq prezidentlər arasında mümkün və qeyri-mümkün bütün körpülər yandırılıb və indi onlar Rusiyayönümlü siyasət yürütməklə bir-biri ilə mübarizə aparırlar.
Elxan SALAHOV