23.04.2026, 16:27
AZ EN
23.04.2026, 13:05 18

“Buranın torpağı, suyu, havası bir başqadır” – Xanabadda Böyük Qayıdışın xoş təəssüratları

QARABAĞ
  • Xocalı rayonunun Xanabad kəndindəyik. Dağlar qoynunda yerləşən bu cənnətməkan kənd işğaldan azad edildikdən sonra aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində daha da gözəlləşib. Bu gün doğma sakinlərini yenidən qoynuna alan kənddə həyat qaynayır. İnsanlar illərdir həsrətində olduqları torpağa qayıdıb, əkin-biçinlə məşğul olur, bu torpağa yenidən nəfəs verirlər.

Xanabad kəndinin küçələri ilə gəzdikcə hər addımda dirçəlişin izlərini görmək mümkündür. Həyətyanı sahələrdə çalışan insanlar, yeni əkilmiş ağaclar, torpağa sevgi ilə toxunan əllər – bütün bunlar burada həyatın yenidən başladığını göstərir. Bu mənzərə insanda böyük sevinc və qürur hissi yaradır.

Kəndin kənarında kəklikotu yığan sakinlərlə qarşılaşırıq. Səmimi salamlaşmadan sonra bizi evlərinə – kəklikotulu çaya dəvət edirlər. Bu dəvəti məmnuniyyətlə qəbul edirik.

Həyətə daxil olan kimi samovar qalanır. Ailə başçısı Nəbi Cabbarov həyətini göstərərək deyir: “34 il bu torpağın həsrətini çəkmişik. Bu gün isə ona qulluq edirik. Görürsünüz, ağaclar əkmişik, əhəngləmişik. İstixananı şitil əkmək üçün hazırlamışıq. Bu torpaq bərəkətli torpaqdır. Kartof, göyərti əkmişik. Bu torpaq uğrunda qan tökülüb. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə cansağlığı versin. Biz bu torpaqları dirçəltməliyik ki, onların ruhu şad olsun”.

Samovar qaynayır, dəmlənən kəklikotu çayının ətri ətrafa yayılır. Söhbətimiz çay süfrəsi arxasında davam edir.

Nəbi Cabbarov ötən illəri xatırlayaraq deyir: “Mən buradan gedəndə 18 yaşım var idi, cavan oğlan idim. 51 yaşımda ailəmlə, uşaqlarımla qayıtmışam. Şükürlər olsun ki, yenidən bu yerlərdəyik. Prezidentimizə təşəkkür edirik ki, bizə bu günü yaşatdı. Burada əkin işləri aparırıq. İnşallah, mal-qara, toyuq-cücə də saxlayacağıq. Bura təsərrüfat üçün çox əlverişli yerdir”.

Söhbətə ailənin xanımı Zərifə Cabbarova da qoşulur. Onun səsində həm sevinc, həm də illərin həsrəti duyulur: “Bu yerlərin həsrətini çox çəkmişdik. Şükür bu günə ki, gəlib torpağımıza qovuşduq. Prezidentimizə minnətdarıq. Şəhidlərimizə Allahdan rəhmət, qazilərə cansağlığı diləyirəm. Buranın torpağı, suyu, havası çox gözəldir. Hər bitkidən var. Bir az əvvəl kəklikotu yığmışıq. Çöl göyərtiləri yığıb qutab bişiririk. Şükür ki, bu günləri görmək bizə də qismət oldu”.

Günəş yavaş-yavaş dağların arxasında gizlənir, Xanabadın üzərinə sakitlik çökür. Doğma yurdlarımıza gerçəkləşdirilən Böyük Qayıdışın növbəti ünvanı olan bu cənnət məkandan – torpağına məhəbbətlə sarılan insanların yanından böyük sevinc, fərəh və xoş təəssüratla ayrılırıq. Bəli, illərin nisgilini öz həyətində, çay süfrəsi arxasında şirin söhbətlərlə geridə qoyan Cabbarovlar ailəsi kimi Xanabadın bütün sakinləri bu torpaqlarda yenidən həyat qurur, keçmişin ağrılarını ümid və zəhmətlə əvəz edirlər. Xanabad kəndində yanan hər ocaq, əkilən hər fidan illərlə davam edən həsrətin sona çatdığını, yeni bir həyatın isə artıq inamla davam etdiyini göstərir. (AZƏRTAC)

Oxşar xəbərlər