Müxtəlif rəsmi hesabatlar və monitorinq nəticələri göstərir ki, məscidlər, türbələr, məqbərələr və digər dini-mədəni abidələr ya tamamilə dağıdılıb, ya da təyinatından kənar istifadə olunaraq funksional və mənəvi dəyərini itirib. Bu faktlar foto və videomateriallar, eləcə də peyk görüntüləri ilə təsdiqlənir və onların miqyası problemin sistemli xarakterini ortaya qoyur.
Məsələ yalnız işğal olunmuş ərazilərlə məhdudlaşmır. Ermənistan ərazisində də Azərbaycan xalqına məxsus tarixi-dini irsin izlərinin silinməsi uzunmüddətli siyasət kimi həyata keçirilib. Xüsusilə İrəvan və digər bölgələrdə mövcud olmuş Şah Abbas, Sərdar, Hacı Novruzəli və digər abidələrin ya dağıdılması, ya da mənşəyinin saxtalaşdırılaraq fərqli təqdim olunması bu istiqamətdə aparılan məqsədyönlü fəaliyyətin nəticəsidir. Yalnız Göy məscid müəyyən formada saxlanılsa da, onun da orijinal görünüşünün dəyişdirilməsi və funksional təyinatının fərqli təqdim edilməsi faktı diqqət çəkir.
Məsələ ilə bağlı açıqlamasında tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa bildirib ki, İrəvan şəhərində mövcud olmuş Azərbaycan məscidlərinin aqibəti regionda tarixi-dini irsə münasibətin real mənzərəsini ortaya qoyur.
Belə ki, İrəvan xanı Hüseynəli xan tərəfindən 1760–1766-cı illərdə inşa edilən Göy məscid 1930-cu illərdə fəaliyyətini dayandırdıqdan sonra 1995-ci ilədək İrəvan şəhərinin tarix muzeyi kimi istifadə edilib. Mesrop Maştos küçəsi, 12 ünvanında yerləşən bu abidə 2015-ci ildən etibarən mənşəyi saxtalaşdırılaraq yenidən fəaliyyət göstərir.
“1687-ci ildə inşa edilən Təpəbaşı məscidi şəhərin qədim Təpəbaşı (hazırda Kond adlanır) məhəlləsində, Şota Rustaveli və Simeon Erevansi küçələrinin kəsişməsində yerləşir. Məscidin salamat qalan bir hissəsində erməni ailələri yaşayır, digər hissəsində isə yeməkxana fəaliyyət göstərir”.
Nazim Mustafa bildirib ki, Şəhər, yaxud Zal xan məscidi İrəvan xanı Zal tərəfindən 1687-ci ildə inşa edilmişdi. Bu məscid Abovyan küçəsi, 14 ünvanında yerləşirdi. Mədrəsəsindən sərgi salonu kimi istifadə olunub, məscidin özü isə 1950-ci illərdə sökülüb.
“1807–1817-ci illərdə inşa edilən Qala, yaxud Abbas Mirzə məscidi Xorhrdarani küçəsi, 40 ünvanında yerləşirdi və 1960-cı illərdə tamamilə sökülüb. XIX əsrin əvvəllərində inşa edilən Sərtib xan məscidi isə indiki 114 saylı məktəbin yerində olub və 1960-cı illərdə tamamilə dağıdılıb”.
Nazim Mustafa əlavə edib ki, XVIII əsrin sonlarında inşa edilən Hacı Novruzəli bəy məscidi hazırkı “Vernisaj” ticarət mərkəzinin yerində, Vizantiya və A.Xancyan küçələrinin kəsişməsində yerləşib və 1930-cu illərdə sökülüb.
“1909-cu ildə inşa edilən və 1988-ci ilədək fəaliyyət göstərən Dəmirbulaq məscidi Vardanans küçəsi, 22 ünvanında yerləşirdi və təəssüflər olsun ki, bu mədəni irsimiz də 1990-cı ildə sökülüb. XVIII əsrin sonlarında inşa edilən Hacı Cəfər bəy məscidi isə indiki “Rossiya” kinoteatrının yerində yerləşib və 1950-ci illərdə dağıdılıb”.
Nazim Mustafa vurğulayıb ki, İrəvan şəhərində mövcud olmuş bu tarixi-dini abidələrin aqibəti Azərbaycan xalqına məxsus mədəni irsin sistemli şəkildə məhv edildiyini və zamanla şəhərin tarixi simasının dəyişdirildiyini açıq şəkildə göstərir.
Beləliklə, mövcud faktlar və sübutlar göstərir ki, Azərbaycan xalqına məxsus tarixi-dini irsə qarşı həyata keçirilmiş bu yanaşma yalnız vandalizm deyil, həm də mədəni yaddaşın sistemli şəkildə silinməsinə yönəlmiş kompleks siyasət kimi qiymətləndirilməlidir.