Qərbi Azərbaycan və İrəvan ərazisi ilə bağlı qeydlər: Mədəni irs, abidələr və toponimlər
Mövzu ilə bağlı açıqlama verən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, son 200 il ərzində xalqımız müxtəlif deportasiya və soyqırımı ilə üzləşib. Bu dövr ərzində bölgədə davamlı gərginlik yaşanıb.
Deputatın sözlərinə görə, deportasiya və soyqırımıları nəticəsində mədəni irsimiz, tarixi abidələrimiz, toponimlərimiz və milli dəyərlərimiz müxtəlif dövrlərdə dəyişikliklərə və zərərə məruz qalıb.
"Qərbi Azərbaycan ərazisində 734 qəbiristanlığın monitorinqi aparılıb və onlardan 201-i üzrə nəticələr sənədləşdirilib. Bu qəbiristanlıqlardan 12-nin üzərindən asfalt yollar çəkilib, 16 qəbristanlıq üzərində yaşayış evləri tikilib, 56-sı əkin sahəsinə çevrilib, 6-sında yenidən dəfn aparılaraq erməni qəbristanlığına çevrilib. Bundan əlavə, 67 qəbristanlıqda vandalizm halları qeydə alınıb, 4-ü sənaye obyektlərinə çevrilib, 5-də hərbi istehkam işləri aparılıb, 32-də tikinti işləri görülüb və 3-də su anbarı inşa edilib.
Digər bir fakt: 1829-cu ildə rus məmuru İvan Şopen İrəvan şəhərində 12 məscid qeydə alıb, bu gün o məscidlərdən yalnız Göy məscidin bir hissəsi qalır, onun da mənşəyi dəyişdirilib.
Bu yaxınlarda daha bir dəhşətli faktın şahidi olduq: İrəvan şəhərindəki Təpəbaşı məscidi şərabxanaya çevirilib.
İndi ölkələrimiz arasında sülh danışıqları gedir. Azərbaycanda hər kəs istəyir ki, bölgədə əmin-amanlıq yaransın. Amma Ermənistandakılar hələ də revanşist düşüncələrlə, “Böyük Ermənistan” mifi ilə yaşayırsa, Azərbaycanı ənənəvi böhtanlarla suçlamağa çalışırsa, onda 200 il ərzində xalqımıza qarşı törətmiş olduqları cinayətlərin də haqq-hesabını verməli olacaqlarını yaddan çıxarmasınlar. Qərbi Azərbaycan İcması olaraq, biz bu cinayətlərin hər biri ilə bağlı dəlil-sübutları masa üzərinə qoymağa hazırıq”, - deyə Ə.Ələkbərli əlavə edib. (AZƏRTAC)