“Azərbaycan 1990-cı illərdə BMT-nin humanitar yardımını qəbul edən ölkədən artıq qlobal işlərdə mühüm rol oynayan dövlətə çevrilib”. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva jurnalistlərlə söhbətində deyib.
O qeyd edib ki, Azərbaycanla BMT arasında münasibətlərin yaranmasının 30-cu ildönümü ilə əlaqədar martın 2-dən silsilə tədbirlər təşkil edilir. Bakının Dənizkənarı parkındakı fotosərgidə 100-dən çox foto şəkil sərgilənir. Bunlar Azərbaycan ilə BMT arasında olan münasibətləri, aparılmış birgə fəaliyyəti nümayiş etdirir. “Azərbaycan bir çox məsələlərdə BMT ilə yaxından əməkdaşlıq edir. Bugünkü konfrans gənclərin dünyadakı hadisələrə təsiri, onların həmin hadisələrdəki rolunu qeyd etmək məqsədilə təşkil edilib. Konfrans çərçivəsində növbəti üç gün ərzində 15 universitet və ali təhsil ocağını təmsil edən 85-ə yaxın tələbənin a müxtəlif mövzular ətrafında müzakirələri təşkil ediləcək," – deyən Vladanka Andreeva əlavə edib ki, tədbir müddətində iqlim dəyişikliyi, kibertəhlükəsizlik, təhlükəsizlik məsələlərində qadınların rolu, məcburi köçkünlərlə bağlı müxtəlif məsələlər müzakirə olunacaq və həll variantları təqdim ediləcək. (APA TV)