Ermənistan KİV-lərinin oktyabrın 21-də yaydığı xəbərlərin əksəriyyəti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirakı və Azərbaycana bir günlük səfəri zamanı baş verən olaylara, həmçinin İranın xarici işlər nazirinin Ermənistana rəsmi səfər barədədir. Türkiyə ilə Azərbaycanın son illərdəki uğurlarına düşmənsayağı münasibət bildirən ermənilər dünyada baş verən proseslərə də sırf erməni xisləti ilə yanaşırlar. Politoloq Arman Qriqoryanın “Hraparak” qəzetinə verdiyi müsahibədə isə bir sıra məqamlar diqqətçəkəndir. L.Ter-Petrosyanın son müsahibəsində dediyi fikirlərin Ermənistan reallığını çox açıq göstərdiyini vurğulayan politoloq onun bir çox fikirləri ilə həmrəy olduğunu da bildirir. Azərbaycanla sülh müqaviləsi imzalanmasının Ermənistana itkilərlə də olsa faydalı olacağına, ən əsası isə müharibə təhlükəsinin aradan qalxacağına ümid bəsləyən Arman Qriqoryan iqtidarla-müxalifətin bir-birini ittiham etməsini də qəbul etmədiyini açıqlayıb. Müxbirin “N.Paşinyan deyib ki, “arsaxı” Koçaryan və Sarkisyan verib. Bunun əsası Madrid prinsipləri ilə qoyulub. Müxalifət isə “arsaxı” Paşinyanın təslim etdiyi iddiasındadır. Bu barədə fikrini bildirmək istərdik?” sualına cavab olaraq, politoloq deyib ki, siyasətdə hərənin öz mövqeyi, öz arqumentləri olur. Bu baxımdan Paşinyan da düz deyir, müxallifər də. Amma 44 günlük müharibədə Paşinyan baş nazir kimi məsuliyyət daşıdığına görə bütün uğursuzluqların ona aid edilməsi düzgündür. Fransanın Ermənistanı daim dəstəkləməsi, sərhəddə müşahidələr aparılması üçün Avropa İttifaqı missiyasının İrəvana gəlməsini Makronun təşkil etməsini, onun Putini tənqid etməsini heç də Ermənistanın xeyrinə olmadığını bildirən Arman Qriqoryan daha sonra əlavə edib ki, Makronun Paşinyanı gülümsəyərək qəbul etməsi və ona şirin sözlər deməsi Ermənistana aild olan heç bir məsələni həll etmir, əksinə Fransa yaranmış fürsətdən istifadə edərək erməniləri qızışdırıb ruslara qarşı qoymaq istəyir ki, bu da Ermənistanın özü üçün böyük təhlükə yaradar. Türkiyənin və cənab R.T.Ərdoğanın dünya siyasətindəki rolu barədə suala isə erməni politoloq öz soydaşlarına xas olmayan tərzdə - obyektiv cavab verib və bildirib ki, Türkiyə və cənab Ərdoğanın hər bir məsələdə mövqeyi qətiyyətli və aydındır. Ermənilərin Qərbə meyl göstərməsi və Paşinyanın Qərblə Rusiya arasında vurnuxması reallığı da politoloqu narahat edən məsələdir. O, Ermənistanın Qərblə deyil, Rusiya ilə münasibətlərini həmişə qorumağa çalışmasını və daha da möhkəmləndirməsini məsləhət görərək müsahibəsinin sonunda xalqa müraciətlə belə deyib: “Ukraynaya baxın və nəticə çıxarın!”.
Tarix isə dəfələrlə sübut edib ki, ermənilər həmişə başqalarının əlində alət olmağa öyrəncəli olduqlarına görə nəticə çıxarmaq, ibrət dərsi götürmək iqtidarında olmayıbllar. Bunu 44 günlük müharibə də sübut etdi.
Nəsib QARAMANLI