Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
O bildirib ki, bir neçə gün sonra Xocalı soyqırımının 33-cü ildönümüdür:
"Faciənin 33-cü ildönümü ərəfəsində Prezidentin Xocalıya səfəri, rayonun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olması, sonra kəndə köçən bir qrup sakinlə görüşü mühüm əhəmiyyət kəsb edir. Dövlət başçımız sakinlərlə görüşündə bildirdi ki, "Birinci Qarabağ müharibəsinin çətin vəziyyətindən əziyyət çəkən ən çox elə xocalılar olublar, onlara qarşı soyqırımı törədilib. Ona görə Xocalını azad etmək hər zaman gündəlikdə duran məsələ idi". Soyqırımına məruz qalmış Xocalıya artıq həyat qayıdıb. İnsanların doğma yurdlarına qayıdışı ilə həmin torpaqlar yenidən canlanır. Ballıcada artıq 460 keçmiş köçkün yerləşib, kənddə 137 ev bərpa edilib və 60-a yaxın ev isə bərpa olunacaq".
Millət vəkili əlavə edib ki, hazırda işğaldan azad edilmiş ərazilərimizin tez bir zamanda bərpası dövlətimizin müəyyən etdiyi prioritet sahələrdən biridir:
"Böyük Qayıdış Proqramına uyğun olaraq, hər ay keçmiş köçkünlərimizin öz doğma torpaqlarına qayıdışı təmin edilir. Ötən qısa müddət ərzində Qarabağ və Şərqi Zəngəzurda çox mühüm işlər görülüb, layihələr həyata keçirilib. Bunun nəticəsidir ki, öz yurdlarına qayıdan insanların rahat yaşaması üçün bütün müasir infrastruktur təmin edilib, eyni zamanda məşğulluq məsələsi də həll olunaraq, iş yerləri açılıb. Bu nəhəng işlərin öhdəsindən isə Azərbaycan öz imkanları hesabına gəlir. Bütün bunlar dövlətimizin iradəsinin, əzminin, güclü iqtisadiyyata malik olmasının əyani sübutudur. Əminik ki, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad olunmuş bütün ərazilərimiz dünyanın ən gözəl guşələrindən birinə çevriləcək".
Hazırladı: Günel QULİYEVA