Yüksək dağlıq ərazilərə malik Kəlbəcər və Laçının ucsuz-bucaqsız yalaqları intensiv maldarlıq üçün böyük potensiala malikdir. Məhz buna görə də həmin ərazilərdə müasir aqrar sənaye parklarının yaradılması və heyvandarlıq komplekslərinin qurulması prioritet sayılır. Bol su ehtiyatı da heyvandarlıq təsərrüfatlarının tələbatını yetərincə qarşılayır.
Xatırladaq ki, işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən sahibkarlara güzəştlər tətbiq olunur. Məsələn, həmin şəxlər 10 il müddətində sosial sığorta haqlarından tamamilə azad edilir. Xırdabuynuzlu, heyvandarlıq təsərrüfatları və arı ailələrinin mövsümi olaraq Kəlbəcər və Laçın yayalaqlarına köçürülməsi prosesi də xüsusi güzəştlərə əsaslanır. Artıq torpaq sahələrinin sahibkarlıq subyektlərinə investisiya müsabiqələri vasitəsilə icarəyə verilməsi qaydalarının da tətbiqinə başlanıb. Ərazidə məhsuldarlığı artırmaq üçün cins heyvanların alınması və xüsusi heyvandarlıq komplekslərinin tikilməsi nəzərdə tutulur. Bu ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün vergi, sosial sığorta və digər stimullaşdırıcı dəstək mexanizmləri tətbiq olunur. Heyvanların sağlamlığını təmin etmək üçün mütəmadi olaraq peyvəndləmə işləri aparılır və müasir avadanlıqlarla təmin olunmuş süni mayalanma mütəxəssisləri cəlb edilir.
Bu tədbirlər həm də doğma yurduna qayıtmış keçmiş məcburi köçkünlərin məşğulluğunun təmin edilməsinə hədəflənib. “Böyük qayıdış” proqramı çərçivəsində 2025-ci ilin may ayında Xocalı rayonunun Xanabad kəndində "Qoç Ət" MMC-nin 7,6 hektar ərazidə 4,2 milyon manat dəyərində yeni heyvandarlıq kompleksinin açılışı olub. Kompleksdə təsərrüfatın ehtiyaclarını qarşılamaq üçün 500 hektardan çox ərazidə payızlıq arpa və buğda əkilib. Məqsəd bölgədə ərzaq təhlükəsizliyini təmin etmək, yerli istehsalı artırmaq və məşğulluğu təmin etmək. Bundan əlavə, Kəlbəcər və Laçın yaylaqlarına 940-dan çox qoyunçuluq təsərrüfatının köçürülməsi ilə heyvandarlığın inkişafı stimullaşdırılır.
Röya SALMANQIZI