Bu sözləri jurnalistlərə müsahibəsində COP29 Azərbaycan üzrə baş icraçı direktoru, Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov deyib.
Azərbaycanda alternativ enerji mənbələrindən istifadə məsələsinə toxunan nazir müavini qeyd edib: “Biz 2027-ci ilədək iki qiqavat əlavə külək və günəş enerjisini sistemə inteqrasiya etməyi planlaşdırırıq. Bunun əhəmiyyətli hissəsi Qarabağdan gələcək. Biz Qarabağda xüsusilə hidroenerji layihələri həyata keçiririk. Qarşıdakı illərdə bunu yekunlaşdıracağıq. Bizim çox bəyəndiyimiz layihələrimizdən biri də BP tərəfindən Qarabağdan cənubda, Cəbrayılda həyata keçirilir. Həmin region Azərbaycanda günəş enerjisi baxımından yalnız Naxçıvandan geri qalır. BP-nin orada tikəcəyi günəş elektrik stansiyası 240 meqavatlıqdır. Bu, Abşeronun “qara qızıl”ının və qazının emal olunduğu “Səngəçal” terminalının dekarbonizasiyası üçün kifayət edəcək. Yaşıl enerji ilə “qara qızıl”ın birləşməsi dünyaya örnək layihə olacaq”. (AZƏRTAC)