30.04.2026, 13:40
AZ EN
30.04.2026, 10:39 212

Yeni müharibə: Köçəryanı Karapetyan və Sarukyanla nə birləşdirir...

XƏBƏRLƏR
  • Ermənistanın Antikorrupsiya Mübarizə Komitəsi erməni əsilli Rusiya vətəndaşı, milyarder iş adamı kimi tanınan Samvel Karapetyanın rəhbəri olduğu "Güclü Ermənistan" partiyasının daha tərəfdarına "seçki rüşvəti vermə" maddəsi ilə cinayət işi açıb. Bununla da son iki həftədə həmin cinayət işi çərçivəsində saxlanılan şəxslərin sayı 17 nəfərə çatıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Bildirilir ki, "Güclü Ermənistan" partiyası adından hərəkət edən bir qrup şəxsin iyun ayında keçiriləcək parlament seçkisində həmin siyasi qüvvəyə səs vermələri müqabilində bir sıra vətəndaşlara seçki rüşvəti verməsi barədə mötəbər məlumatlar əldə olunub.

Ermənistanın Antikorrupsiya Mübarizə Komitəsinin bununla bağlı yaydığı bəyanatda qeyd olunub ki, istintaq zamanı "Güclü Ermənistan" adından çıxış edən şəxslərdən birinin "seçki dövründə xeyriyyəçilik qadağası"nı pozduğu və vətəndaşları mitinqlərdə iştiraka təhrik etdiyi də müəyyənləşdirilib.

Erməni politoloq Hrayr Manukyan aprelin 7-də keçiriləcək parlament seçkilərində Baş nazir vəzifəsinə namizəd olmaq istəyən Karapetyanın tərəfdarlarının istintaqa cəlb olunmasını onların "seçki rüşvəti vermə" maddəsi ilə açılan cinayət işində iştirakı barədə toplanmış mötəbər məlumatlarla əsaslandırıb. O, qeyd edib ki, Kremlin sifarişi və Rusiya xidmət orqanlarının gizıi dəstəyi ilə Ermənistanda seçkilərə müdaxilə etmək, seçkinin nəticələrini qanunsuz yollarla dəyişmək istəyən qüvvələr var və həmin qüvvələr zərərsizləşdirilməlidir.

Ermənistanın siyasi gündəmiin əsas mövzusuna çevrilmiş bu qanunsuz hərəkətlərin təşkilində üç nəfərin adı çəkilir – keçmiş prezident Robert Köçəryan, rusiyalı iş adamı Samvel Karapetyan və hazırda ölkədən çıxışına qadağa qoyulan "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Sarukyan. Erməni ekspert bildirib ki, Paşinyan hökumətinə qarşı barışmaz mövqeyi ilə seçilən hər üç qatı müxalifətçi hakimiyyəti zorla ələ keçirmək üçün bütün imkanlardan istifadə etməyə çalışır. Onun sözlərinə görə, bu vasitələrə nəinki Ermənistanın seçki qanunvericiliyini pozmaq, hətta xarici qüvvələrin siyasi və texniki müdaxilələri də daxildir: "Ermənistanda gözlənilən seçkilərdə xarici aktorların bu və ya digər siyasi qüvvəyə birbaşa dəstəyi demokratik prinsipləri pozmur. Amma kiberhücum təhlükəsi gözləniləndir. Ona görə də Avropa İttifaqı Rusiyanın seçkilərə müdaxiləsinin qarşısını almaq üçün hərəkətə keçib. Radikal müxalifət bundan narahatdır, onlar Avropa İttifaqı rəsmilərinin Ermənistana səfərlərindən çəkinirlər. Çünki yaxşı bilirlər ki, onların Nikol Paşinyana münasibəti müsbətdir və Ermənistanın Baş nazirini müsbət mənada təqdim edəcəklər. Bununla belə, Avropa rəsmiləri ehtiyatlıdırlar, açıq şəkildə dəstək bəyanatları verməyəcəklər".

Manukyan hesab edir ki, Robert Köçəryan, Samvel Karapetyan və ya Qaqik Sarukyan hakimiyyətə gəlsə, sülhü pozacaq və Ermənistanı Azərbaycanla yeni müharibəyə aparacaqlar. Onun sözlərinə görə, hər üç şəxs Rusiyanın pozğun siyasi-ictimai ənənəsinin məhsuludurlar: "Onlar mafiozdurlar, idarəetmə qaydaları qeyri-qanuni, kriminal vasitələrə əsaslanır. Rusiya da Ermənistanda sabitliyi pozmaq üçün aqressiv qrupları maliyyələşdirəcək. Hazır olmalıyıq, Ermənistana bu məqsədlə böyük həcmdə qeyri-qanuni pullar daxil olur".

Erməni politoloq vurğulayıb ki, Ermənistan vətəndaşları seçkilərdə sülh və müharibə arasında seçim edəcək. Onun fikrincə, Köçəryanın, Karapetyanın və ya Sarukyanın hakimiyyəti ilə keçirəcəyi təqdirdə Ermənistanla Azərbaycan arasında müharibə qaçılmaz olacaq.

Elxan SALAHOV

 

 

Oxşar xəbərlər