Bu fikirləri açıqlamasında siyasi şərhçi Elnur Ənvəroğlu bildirib.
Onun sözlərinə görə, uzun illər ərzində Qarabağ məsələsi Azərbaycan cəmiyyətində itki, məhrumiyyət və ədalətsizlik hissi ilə assosiasiya olunurdu. Hazırda isə qayıdış narrativi ön plana çıxır. Bu dəyişiklik psixoloji baxımdan olduqca əhəmiyyətlidir. Məsələn, məcburi köçkünlük travması mərhələli şəkildə doğma yurda dönüş təcrübəsi ilə əvəzlənir. Bundan əlavə, dövlət və vətəndaş arasında sosial müqavilə güclənir, cəmiyyət özünü passiv gözləyici deyil, prosesin iştirakçısı kimi görür.
Siyasi şərhçi qeyd edib ki, Böyük Qayıdış təkcə demoqrafik və ya iqtisadi proqram deyil, həm də tarixi ədalətin bərpası hissinin rəsmiləşmiş formasıdır.
E.Ənvəroğlu xüsusilə Xocalı şəhərinin, eləcə də Xanabad və Təzəbinə kimi ətraf yaşayış məntəqələrinin bərpasının dərin simvolik məna daşıdığını vurğulayaraq deyib: “Xocalı Azərbaycan xalqının kollektiv yaddaşında 1992-ci ildən bu günədək faciə və itki simvolu kimi qalıb. Onun yenidən qurulması isə milli yaddaşımızda müsbət və dərin iz yaradır. Xalq artıq qurbanlıq psixologiyasından dirçəliş psixologiyasına keçid mərhələsində özünü hiss edir. Yəni biz daim zülmə, vəhşətə və işğala məruz qalan tərəf deyilik, biz güclüyük və öz haqlarımızı müdafiə edə biləcək əzmdəyik”.
Onun fikrincə, bu proses, eyni zamanda, “unutmadıq və tərk etmədik” mesajını ifadə edir və dövlətin uzunmüddətli strateji iradəsinin açıq göstəricisidir.
“Bir sözlə, burada məkanın fiziki transformasiyası mənəvi transformasiya ilə paralel şəkildə inkişaf edir”, – deyə siyasi şərhçi əlavə edib. (AZƏRTAC)