29.04.2026, 19:24
AZ EN
29.04.2026, 16:34 97

Azərbaycan müxtəlif geosiyasi mövqelərə malik dövlətlərin dialoq apardığı mühüm platformaya çevrilib

YAZILAR
  • Son zamanlar Azərbaycan diplomatik aktivliyin müşahidə olunduğu mühüm geosiyasi mərkəzə çevrilib. Ardıcıl şəkildə Edqars Rinkeviçs, Volodimir Zelenski və Andrey Babiş tərəfindən həyata keçirilən səfərlər ölkəmizə marağın yüksək səviyyədə olduğunu və Azərbaycanın beynəlxalq arenada güclü aktor kimi qəbul edildiyini nümayiş etdirir.

Bunu Milli Məclisin deputatı Tural Gəncəliyev açıqlamasında bildirib.

Deputat qeyd edib ki, bugünkü qeyri-müəyyən və mürəkkəb geosiyasi şəraitdə Azərbaycan enerji təhlükəsizliyi və nəqliyyat-kommunikasiya xətlərinin üzərində yerləşən mühüm logistika mərkəzi kimi çıxış edir. Bu amillər Avropa ölkələrinin Azərbaycana marağını daha da artırır. Latviya Prezidentinin səfəri Baltikyanı ölkələrin Cənubi Qafqaz regionuna maraq göstərdiyini nümayiş etdirir. Rusiya-Ukrayna müharibəsinin təsiri altında olan Baltik regionu yeni tərəfdaşlıqlar qurmağa çalışır və bu baxımdan Azərbaycanla əməkdaşlıq onlar üçün mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində keçirilən enerji biznes-forumu və iqtisadi-ticari əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr bu əməkdaşlığın praktik müstəvidə inkişaf etdiyini göstərir”, – deyə deputat əlavə edib.

Ukrayna Prezidentinin müharibə başladıqdan sonra Azərbaycana ilk dəfə səfər etdiyini xatırladan T.Gəncəliyev bunu Kiyevin ölkəmizə yüksək etimadı kimi səciyyələndirib. Qeyd edib ki, Azərbaycan Ukraynanın çətin dövründə ona humanitar və enerji dəstəyi göstərib. Bu, Ukrayna tərəfindən yüksək qiymətləndirilir və iki ölkə arasında həm siyasi, həm iqtisadi, həm də humanitar əlaqələrin daha da genişlənməsi üçün möhkəm zəmin yaradır.

“Çexiya Baş nazirinin səfəri də xüsusi əhəmiyyət daşıyır. Çexiya Mərkəzi və Şərqi Avropanın aparıcı ölkələrindən biri olmaqla yanaşı, həm Avropa İttifaqı, həm də NATO üzvü kimi son illərdə daha praqmatik siyasət yürüdür və bu siyasətdə Azərbaycan mühüm yer tutur. 2024-cü ildə Çexiyanın Azərbaycanın ikinci ən böyük neft idxalçısı olması və ticarət dövriyyəsinin 1 milyard avronu keçməsi münasibətlərimizin iqtisadi əsaslarının gücləndiyini göstərir. Bütün bu proseslər fonunda Azərbaycan öz xarici siyasətini ikitərəfli münasibətlər əsasında qurur və bu əməkdaşlıq heç vaxt üçüncü ölkələrə qarşı yönəlmir. Yəni Azərbaycanın gücü onun praqmatik və balanslaşdırılmış siyasətindədir. Bu gün ölkəmiz həm Ukrayna, həm Rusiya, həm NATO üzvü dövlətlər, həm də regionun digər ölkələri ilə konstruktiv münasibətlər saxlayır”, - deyə deputat qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan artıq müxtəlif geosiyasi mövqelərə malik dövlətlərin dialoq apara bildiyi mühüm platformaya çevrilib. Təsadüfi deyil ki, Ukrayna Prezidenti Azərbaycanın vasitəçiliyi ilə gələcəkdə Rusiya-Ukrayna danışıqlarının keçirilməsinin mümkünlüyünü istisna etməyib. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun və etimad mühitinin göstəricisidir. (AZƏRTAC)   

Oxşar xəbərlər