Bütün bunların Brüssel formatına nə dərəcədə zərbə vura biləcəyinə ekspertlər aydınlıq gətirib. Ekspert Fərhad Məmmədov açıqlamasında bildirib ki, cənab Prezident İlham Əliyev Brüssel formatından imtina etmədi. Cənab Prezident Makronun iştirakı ilə olan görüşdən imtina etdi və bu ən vacib olan bir məqamdır. Çünki Brüssel formatı demək olar ki, Azərbaycanın maraqlarına uyğun olan və gündəliklə üst-üstə düşən bir formatdır. Ona görə bu formatla bağlı yəni, Avropada formalaşan, Şarl Mişelin şəxsi iştirakı ilə olan formatdan imtina edilməyibdi. Sadəcə olaraq Avropa İttifaqı liderinə mesaj göndərilib ki, Makronun iştirtakı arzuolunan deyil.
Xarici ekspertlər də bu görüşün təxirə salınmasını Azərbaycan tərəfindən küncə sıxışdırılan Paşinyanın vaxt qazanmaq cəhdi kimi qiymətləndiriblər. Yeni formatın yarana biləcəyi də istisna edilmir.
Ekspert Aleksey Naumov bildirib ki, hazırkı dövrdə aktiv iki platforma yarana bilər: Moskva və Vaşinqton. Lakin Amerika Birləşmiş Ştatlarının Azərbaycana münasibəti bəllidir. Biz senatorların Azərbaycana qarşı qərəzini bilirik. Misal üçün, cənab Menendesin bəyanatlarına nəzər salaq. Biz bilirik ki, Amerika Birləşmiş Ştatları lideri daxili intiriqaların təziqi nəticəsində ermənipərəst mövqe tuta bilər.
Metyu Brayza isə vurğulayıb ki, baş nazir Paşinyan çox yaxşı başa düşürdü ki, Prezident İlham Əliyev heç vaxt Fransanın vasitəçiliyinə razılıq verməz:“ Paşinyana hər vəchlə vaxt qazanmaq lazımdır. Çünki o Azərbaycanla sülh sazişi imzalamaq istəmir. Ermənistan tarixində yalnız bir dəfə sülhə cəhd olunmuşdu. Parlamentin necə güllələndiyini isə hər kəs xatırlayır”, - deyə ekspert vurğulayıb.
İstənilən halda bu formatın qorunması ilk növbədə Avropa İttifaqınınn maraqlarına uyğundur. Şarl Mişel isə əgər özünü vasitəçilik missiyasının zərbə altında qalmasını istəmirsə, o zaman heç bir format dəyişikliyinə yol verməməli və üçtərəfli görüşün təşkilinə nail olmalıdır. Təbii ki, əgər Avropa İttifaqı formatının da Minsk qurupu kimi tarixə qovuşmasını istəmirsə...
Hazırladı: Tahirə AĞAMİRZƏ