Bunu mətbuata açıqlamasında politoloq Yusif Bağırzadə deyib.
Politoloq qeyd edib ki, sözsüz ki, hazırda Rusiyada azərbaycanlılara, özbəklərə, qırğızlara, türkmənlərə və digər millətlərin nümayəndələrinə qarşı həyata keçirilən şovinist, diskriminasiya və islamofob siyasətin başında Rusiya rəhbərliyi və bilavasitə prezident Putin dayanır:
“Əslində Rusiyadan və Putin hakimiyyətindən başqa bir şey gözləməyə də dəyməz. Bir ölkə ki, uzun əsrlər boyu özünə qardaş adlandırdığı, eyni dinə, mədəniyyətə malik slavyan Ukrayna xalqına qarşı qəddar siyasət həyata keçirərək şəhər və kəndləri darmadağın edir, mülki insanları, uşaq, qadın, yaşlı demədən hədəf alır, bir ölkə ki, Bucada və Ukraynanın digər ərazilərində soyqırımlar həyata keçirir bu ölkədən hər şey gözləməyə dəyər.
Biz hər birimiz SSRİ-nin dağılmasının qanunsuz olduğuna dair fikirlər səsləndirən, başda Putin olmaqla Rusiya rəsmilərinin imperiya həsrəti ilə necə alışıb-yandığını müşahidə edirik. Bu tendensiya və digər xalqlara qarşı qəddarlıqla müşahidə olunan davranış Rusiya üçün hər zaman prioritet olub”.
Politoloq onu da əlavə edib ki, yaşlı nəsil, 90-cı illərdə mövcud olan və faktiki olaraq digər xalqlara qarşı təqib aləti olaraq birbaşa Rusiya xüsusi xidmət orqanları tərəfindən yaradılmış skinhed hərəkatını yaxşı xatırlayır:
“Bu gün isə zamanında qeyri-qanuni quldur dəstələrinin həyata keçirdiyi fəaliyyəti faktiki olaraq Rusiya hüquq mühafizə orqanları həyata keçirirlər.
Repressiya və təqiblərə görə Stalin dövrünü belə ötüb keçən Rusiya hakimiyyəti şübhəsiz ki, gec-tez bu cinayətkar əməllərinə görə cavab verəcək. Biz 20 Yanvarı unutmadığımız kimi, Rusiya hərbçilərinin bilavasitə iştirakı ilə həyata keçirilən Xocalı soyqırımını unutmadığımız kimi, Azərbaycan ərazilərinin işğalında Ermənistana necə dəstək verdiklərini, mülki təyyarəmizi hədəf alaraq insanlarımızın qətlə yetirilməsini unutmadığımız kimi Yekaterinburqda həmvətənlərimizə qarşı baş verən qətliamı da unutmayacağıq”.
Tahirə AĞAMİRZƏ