25.04.2026, 17:44
AZ EN
25.04.2026, 09:56 127

Reza Deqati Malta İncəsənət Biennalesi çərçivəsində Xocalı həqiqətlərini dünyaya çatdırıb

XƏBƏRLƏR
  • 2026-cı ilin ən mühüm mədəniyyət tədbirlərindən biri olan Malta İncəsənət Biennalesi çərçivəsində dünyaşöhrətli fotojurnalist Reza Deqati Azərbaycanın Xocalı faciəsi və Qarabağ həqiqətlərini növbəti dəfə beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə gətirməyə nail olub.

Reza Deqatinin "Qadınlar, zəriflik mübarizənin fövqündə" sərgisi və Xocalıdan olan Qaratelin portreti Biennale çərçivəsində əlamətdar hadisələrdən biri kimi yadda qalıb.

Qitələri aşan sərgi

115-dən çox ölkədə onilliklər boyu çəkilmiş fotolardan ərsəyə gələn "Qadınlar, zəriflik mübarizənin fövqündə" sadəcə bir fotosərgisi deyil, həyatın içindən gələn canlı həqiqətdir. Ziyarətçilər Reza Deqati obyektivi vasitəsilə hər qitədən qadınlarla qarşılaşır: müharibə zonalarında və açıq bazarlarda, kədərli və sevincli, matəmdə və ümidli. Onlar passiv obrazlar deyil, sivilizasiyaların qurucuları, yaddaşın daşıyıcıları və həyatda qalmağın yolunu tapanlardır.

Malta İncəsənət Şurasının qeyd etdiyi kimi, Rezanın fotoşəkilləri “kədər və əzablara biganə qalmır, lakin yalnız bunlarla məhdudlaşmır”.

Bu fotolar ziyarətçiləri yalnız qadınların üzləşdiyi çətinliklərlə deyil, həm də onların qeyri-adi zərifliyi və gözəlliyi, ailə və cəmiyyət daxilindəki rolu, eləcə də ortaq tariximizi necə formalaşdırdıqları ilə üz-üzə qoyur.

Reza Deqati sərgi çərçivəsində 5 maltalı fotoqrafı da seçərək onları auditoriyaya təqdim edib.

Malta Prezidenti sərgini ziyarət edib

Bu sərgiyə verilən yüksək rəsmi dəyərin göstəricisi olaraq Malta Prezidenti Miriam Spiteri Debono Rezanın özünün iştirakı ilə sərgini ziyarət etdi. Şahidi olduqları barədə televiziyada danışan Prezident deyib: “Fotoqrafiya sənəti, bəli, mən onu məhz sənət adlandırıram, vizual sənətlərin ən həqiqi formasıdır”.

Reza haqqında isə o bildirib: “Reza, sənətkar və fotojurnalist kimi, həyatını dünyanın müxtəlif yerlərində bəşər hekayələrini sənədləşdirməyə həsr edib”.

Bunlar sadəcə rəsmi nəzakət sözləri deyildi. Müharibə, mübarizə, kədər içində olan ləyaqətli qadınların görüntüləri qarşısında səslənən bu fikirlər, Reza Deqatinin ömür boyu gördüyü işin əsl mənasının ölkənin ən ali səviyyəsində qəbul olunmasının ifadəsi idi.

Miriam Spiteri Debono Malta Biennalesinin rəsmi açılış mərasimində də çıxış edərək tədbiri “fikrin yaradıcılıqla, irsin isə gələcəklə qovuşduğu məkan”, fotoqrafiyanı isə “insanları birləşdirən, düşünməyə çağıran və daha yaxşı bir reallıq axtarmağa ruhlandıran universal dil” adlandırmışdı.

Ən ağır yük: Xocalı və heç vaxt yaddan çıxmayan qadın

"Qadınlar, zəriflik mübarizənin fövqündə" sərgisinin ümumbəşəri gözəlliyinin arxasında daha ağır və sarsıdıcı bir hekayə dayanır. Bu, Reza Deqatinin bütün maneələrə baxmayaraq otuz ildən artıq müddətdə ürəyində daşıdığı həqiqətdir. Xocalıda baş verənlərə şahid olduqdan və sağ qalan insanların kədərli hekayələrini dinlədikdən sonra, Reza Xocalıdan sağ çıxanların harayını 34 il boyunca özü ilə daşıdı, dünyaya çatdırdı.

Parisdə isə onu yalnız gördüklərinin mənəvi yükü yox, birbaşa təzyiqlər də gözləyirdi. Fransadakı erməni diasporu onun sərgilərini dağıtmaq üçün təşkilatlanmış cəhdlər göstərirdi. Lakin heç nə onu dayandıra bilmədi. O, sərgilər açdı, kitablar nəşr etdi. Sağ qalanlara itkin düşmüş yaxınlarını tapmaqda kömək etmək üçün khojalywitness.org saytını yaratdı.

2014-cü ildə nəşr olunan “Günahsızların qırğını” kitabı bu gün də Xocalı barədə beynəlxalq aləmdə çap olunmuş ən mühüm fotosənəd hesab olunur. O, “Xocalı: Yaralı ruhlar” sərgisini Bakıda, Brüsseldə, Vyanada və başqa şəhərlərdə nümayiş etdirib. Dünyanın müxtəlif ölkələrində keçirdiyi konfranslarda Xocalı həqiqətlərindən danışıb.

Reza iştirak etdiyi bütün konfranslarda bildirib: “43 ildir fotojurnalist kimi çalışıram. Dünyanın bir çox qaynar nöqtələrində olmuş, saysız faciələri lentə almışam. Lakin məni ən çox sarsıdan Xocalı soyqırımı oldu. Xocalı həqiqətlərini dünyaya çatdırmağı özümə borc hesab edirəm”.

Qaratelin fotoşəkli: Maltada abidəyə çevrilən simvol

2026-cı ildə Maltada, Florianada yerləşən Triton Meydanında Reza Deqati diqqətəlayiq və şəxsi bir addım atıb. O, sərgidəki ən böyük formatlı fotoşəkli, Xocalıdan olan yaşlı qadın Qaratelin monumental portretinin hazırlanmasını öz şəxsi vəsaiti hesabına həyata keçirib.

Dərin kədərin iz saldığı siması ilə Qaratel uzun illərdir Xocalı faciəsinin əzablarını və ədalət çağırışını simvolizə edən ən güclü obrazlardan birinə çevrilib. Aralıq dənizi səması fonunda nəhəng ölçüdə yüksələn bu fotoşəklin qarşısında dayanmaq, Rezanın illərlə nə uğrunda mübarizə apardığını anlamaq deməkdir. Bu, sadəcə bir fotoşəkil deyil. Bu, şahidliyin özüdür. Bu, manifestdir. Dövlət başçısının iştirak etdiyi, UNESCO himayəsi ilə keçirilən beynəlxalq tədbirdə açıq şəkildə verilən mesajdır: səsi eşidilməyənlər də eşidiləcək.

Heritage Malta və Malta İncəsənət Şurası tərəfdaşlığı ilə təşkil olunan 2026-cı il Malta Biennalesi Aralıq dənizi regionunda müasir incəsənətin sadəcə dekorativ məqsəd daşımadığını bir daha göstərdi.

Bu sənət, Miriam Spiteri Debononun dediyi kimi, insanları birləşdirən, düşünməyə çağıran və daha yaxşı bir reallıq axtarmağa ruhlandıran bir dildir.

Reza Deqatinin Maltadakı iştirakı, sərgisi, konfransı və Xocalı qadınına həsr olunmuş monumental portret reallığın gözlə görünən təcəssümünə çevrildi. (AZƏRTAC)

Oxşar xəbərlər